Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in təyyarəsi Azərbaycana qayıdıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi ölkəmizə qayıdıb.
Nazirlikdən verilən xəbərə görə, 18 avqust 2024-cü il tarixindən meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla - Ula, Bolu - Gerede, Uşak - Eşme, Akhisar - Taşkuyucak, Balıkesir - Edremit, Manisa - Alaşehir, İzmir - Urla, Berqama, Foça, Aliağa, Kemalpaşa - Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib.
Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb.
Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.