Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı mübarizə tədbirləri davam etdirilir.

Bildirilib ki, oktyabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda tütün məmulatının Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri nəticəsində dənizdə 85 (səksən beş) ədəd şübhəli bağlama müəyyən olunub.

Bağlamalara baxış zamanı dəyəri təqribən 330 000 (üç yüz otuz min) AZN məbləğində aksiz markasız 111 072 (yüz on bir min yetmiş iki) qutu müxtəlif çeşidli tütün məmulatları aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.