Səbail rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində “BMW” markalı avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobildən içərisində 570 manat pul, sənədlər, bank kartları olan pulqabı və 600 manat dəyərində ətir oğurlanması, sonradan həmin kartlarla ümumilikdə 1090 manat dəyərində alış-veriş edilməsi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törədən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Onların qəsəbə ərazisində “BMW” və “Chevrolet” markalı daha iki avtomobildən müxtəlif üsul və vasitələrlə oğurluq etmələri müəyyən edilib.

Araşdırma aparılır.