Bakı-Qazax yolunda ağır qəza olub

Ötən gün saat 23:00 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Goranboy rayon sakini Rəşad Qurbanovun idarə etdiyi “Hyundai” markalı avtomobil qarşıda gedən “Kamaz” markalı yük avtomobili ilə toqquşduqdan sonra yoldan çıxaraq aşıb.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qəza nəticəsində R.Qurbanovun sərnişini - Yevlax rayon sakini, 66 yaşlı Vahid Babayev hadisə yerində həyatını itirib.

"Bu növ qəzalar üçün səciyyəvi olan əlamətlər minik avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda sükan arxasında əyləşməsindən, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi bu kimi əməllərin sonda bərpası mümkün olmayan itkilərə yol açdığını bir daha xatırladır və sürücüləri yaşanan acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır", məlumatda deyilir.