COP29 ərəfəsində Azərbaycana 80-ə yaxın yeni təcili tibbi yardım maşını gətirilib
COP29 konfransı ərəfəsində 80-ə yaxın yeni təcili tibbi yardım maşını ölkəmizə gətirilib.
Bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən “COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkili”nə dair brifinqdə söyləyib.
"Ambulans təminatı önəmli məsələlərdən biridir. COP29 konfransı ərəfəsində 80-ə yaxın yeni təcili tibbi yardım maşını ölkəmizə gətirilib. Mövcud ambulans parkı tələbatı ödəmək üçün yetərlidir", - deyə o bildirib.
V.Qurbanov qeyd edib ki, COP29 konfransı zamanı qonaqlara və iştirakçılara yüksək səviyyədə tibbi xidmətlərin təmin edilməsi məqsədilə hərtərəfli tədbirlər görülüb.
"Bu tədbirlər çərçivəsində yeni təcili tibbi yardım maşınları müasir texnologiyalarla təchiz edilib və konfrans ərazisində fasiləsiz işləyəcək. Hər bir tibbi yardım heyəti tam hazırlıqlı olacaq və təcili hallarda operativ reaksiya verə biləcək. COP29 çərçivəsində yerli tibbi heyətlərdən ibarət xüsusi briqadalar formalaşdırılıb. Bu briqadalar konfrans zamanı iştirakçıların təhlükəsizliyini və sağlamlığını qorumağa xidmət edəcək", - deyə Vüqar Qurbanov əlavə edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.//Trend