COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində TƏBİB-in tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, tibb məntəqələrinə müraciət edənlərin sayı 199 nəfər, təcili yardım briqadalarına müaciət edənlər isə 492 nəfər təşkil edib. 107 nəfər ambulator, 28 nəfər isə stasionar müalicəyə cəlb olunub. Bir xarici vətəndaş üzərində Yeni Klinikada cərrahi əməliyyat (bridektomiya, appendektomiya, abses drenajı) uğurla icra olunub, kafi vəziyyətdə ambulator müalicə üçün buraxılıb.

İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər Yeni Klinika, Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunublar.

Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb. Bura Azərbaycan, Hindistan, ABŞ, Keniya, Çin, Misir, Pakistan, Böyük Britaniya, Zimbabve, Braziliya, Hollandiya, Argentina, Banqladeş, İrlandiya, Konqo, Türkiyə, İordaniya, Malavi, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Beliz, CAR, Danimarka, Kamerun, Kolumbiya, Tonqa, Uqanda, Almaniya, Anqola, Barbados, Belarusiya, Burkina-Faso, Burundi, Rusiya, Benin, Əlcəzair, İraq, İspaniya, İsrail, İtaliya, Mərakeş, Nepal, Nigeriya, Özbəkistan, Palau, Polşa, Portuqaliya, Qana, Səudiyyə Ərəbistan, Sinqapur, Slovakiya, Ukrayna, Yaponiya, Antiqua and Barbuda, Esvatini Fici, Gürcüstan, İndoneziya, İran, İsveçrə, Kanada, Kiribati, Kosta-Rika, Lesoto, Liberiya, Livan, Malayziya, Maldiv, Mali, Malta, Mavritaniya, Mikroneziya, Norveç, Papua-Yeni Qvineya, Qambiya, Qazaxıstan, Qırğızıstan, Sudan, Suriya, Tanzaniya, Tayland, Toqo, Trinidad və Tobaqo, Tunis, Vanuatu və Yunanıstan kimi ölkələr daxildir.

Müraciətlər əsasən, müxtəlif ağırlıq dərəcəsində travmalar, hipertenziyalar, qastroenteroloji patologiyalar, nevrotik–emossional reaksiyalar, müxtəlif orqan və sistemlərin alqoloji reaksiyaları, respirator virus infeksiyalarından ibarət olub.

Xatırladaq ki, konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadası tədbirin keçirildiyi müvafiq ərazilər üzrə xidmət göstərib. Eyni zamanda Heydər Əliyev adına Beynəlxalq Aeroportda, Heydər Əliyev Mərkəzində, Atletlər kəndində, “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında, eləcə də qonaqların məskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkim məntəqələri təşkil edilib.