Almaniyada hava şəraitinin kəskin soyuması onlarla aviareysin təxirə salınmasına səbəb olub
Son günlər Almaniyada havanın temperaturunun kəskin şəkildə aşağı düşməsi nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Yolların buz bağlaması avtomobil qəzalarının baş verməsinə və aeroportlarda bəzi aviareyslərin təxirə salınmasına səbəb olub.
“Tagesspiegel” nəşri yazır ki, Frankfurt hava limanında uçuş-eniş zolaqlarının təmizlənməsi və görmə məsafəsinin zəif olması ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib. Bazar günü üçün planlaşdırılan 1090 aviareysdən 120-si ləğv edilib, bir sıra reyslərdə gecikmələr baş verib.
Münxen aeroportunda bir neçə reys təxirə salınıb. Uçuş-enmə zolaqlarının təmizlənməsi işləri davam etdirilir. Hava şəraiti Ştutqart hava limanının da fəaliyyətinə təsir edib. İndiyədək bu aeroportda yeddi uçuş təxirə salınıb. Temperaturun aşağı düşməsi Berlin Brandenburq Aeroportunda 30 uçuşa təsir göstərib. Təkcə şənbə günü 17 aviareys ləğv edilib.
Hava şəraiti ilə əlaqədar ölkənin bir sıra əyalətlərində ciddi aviaqəzalar baş verib. Yolların buz bağlaması nəticəsində cümə günü Türingen əyalətində 17 qəza olub.
Meteoroloqlar temperaturun bazar ertəsindən etibarən yüksələcəyini proqnozlaşdırırlar.