ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

ABŞ Dövlət Departamenti Rusiya ilə ikitərəfli görüşün nəticələrinə dair açıqlama yayıb.
Tərəflər diplomatik nümayəndəliklərin fəaliyyətini normallaşdırmaq üçün lazımi addımların atılması məqsədilə ikitərəfli münasibətlərə xələl gətirəcək amilləri aradan qaldıracaq məsləhətləşmə mexanizmi yaratmaq barədə razılığa gəliblər. Həmçinin iki ölkə Ukraynadakı münaqişənin davamlı, dayanıqlı və bütün tərəflərin qəbul edəcəyi şəkildə mümkün qədər tez başa çatdırılması istqamətində işləməyə başlamaq üçün müvafiq yüksəksəviyyəli komandalar təşkil edəcəklər. ABŞ və Rusiya qarşılıqlı geosiyasi maraq doğuran məsələlər, o cümlədən Ukraynadakı münaqişənin başa çatmasından sonra yaranacaq tarixi iqtisadi və investisiya imkanları üzrə gələcək əməkdaşlıq üçün zəmin yaratmaq barədə razılaşıblar.
Departamentdən bildirilib ki, bir telefon zəngi və ardınca bir görüş davamlı sülh yaratmaq üçün kifayət deyil, hərəkətə keçmək, irəliyə doğru mühüm addım atmaq lazımdır.
“Prezident Tramp insan ölümünü dayandırmaq istəyir. Birləşmiş Ştatlar sülh arzulayır və dünyadakı gücünü ölkələri bir araya gətirmək üçün istifadə edir. Prezident Tramp dünyada yeganə liderdir ki, Ukrayna və Rusiyanı buna razı sala bilər”, - deyə bəyanatda qeyd olunur.//Azərtac