İyun ayına olan hava PROQNOZU

İyun ayı yay fəslinin ilk ayıdır. İyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Temperatur rejimi tədricən yüksəlir və may ayına nisbətən 4-5 dərəcə yüksək olur. Lakin bəzi günlərdə əsasən şimal və qərb ərazilərindən daxil olan siklonların təsiri nəticəsində hava şəraiti qeyri-sabit keçir.

Bu ilin iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində əksər bölgələrdə hava şəraiti əsasən yağmursuz keçsə də, lakin bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun +23 dərəcədən +26 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +19 dərəcədən +24 dərəcəyədək , gündüzlər +28 dərəcədən +33 dərəcəyədək , bəzi günlərdə +36 dərəcədən +39 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu +23 dərəcədən +26 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +18 dərəcədən +23 dərəcəyədək, gündüzlər +29 dərəcədən +34 dərəcəyədək, bəzi günlərdə +37 dərəcədən +40 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm).