Şərqi Zəngəzur və Qarabağın torpaq və su resursları müzakirə olunub

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının torpaq və su resursları: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
İnstitutdan bildirilib ki, iki gün davam edəcək tədbirin əsas məqsədi işğaldan azad olunmuş ərazilərin torpaq və su ehtiyatlarının öyrənilməsi, qorunması və səmərəli istifadəsi ilə bağlı problemlərin elmi əsaslarla müzakirəsi və perspektiv istiqamətlərin müəyyənləşdirilməsidir.
Konfrans Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəaliyyət göstərən Torpaq Muzeyinin yenidənqurmadan sonra açılışı ilə başlayıb.
Plenar iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək işğaldan azad olunmuş ərazilərdə torpaq və su ehtiyatlarının elmi əsaslarla öyrənilməsinin və qiymətləndirilməsinin ölkəmizin gələcək inkişafı üçün mühüm rol oynadığını bildirib. Akademik, həmçinin torpaq və su ehtiyatlarının hər bir ölkə üçün strateji resurs olduğunu, Qarabağ və Şərqi Zəngəzurun isə böyük potensiala malik olduğunu qeyd edib. AMEA rəhbəri Torpaqşünaslıq və Aqrokimya İnstitutunun uzun illər ərzində formalaşdırdığı elmi baza və təcrübənin bərpa edilən ərazilərin inkişafına töhfə verəcəyini vurğulayıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri Mübariz Hacıyev çıxışında hazırda Azərbaycanın iqtisadi rayonlarında yenidən təşkiletmə işlərinin aparıldığını, yeni iqtisadi rayonlar arasında Qarabağ və Şərqi Zəngəzurun xüsusi yer tutduğunu bildirib. O vurğulayıb ki, elmi ictimaiyyətin qarşısında əsas vəzifə bu rayonlarda genişmiqyaslı elmi-tədqiqat işlərinin aparılmasıdır.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müəssisənin 80 illik fəaliyyətinə nəzər salaraq elmi nailiyyətlərdən, strateji əhəmiyyət daşıyan tədqiqat istiqamətlərindən danışıb. O, işğaldan azad edilmiş ərazilərdə torpaq və su ehtiyatları tədqiqinin aparılması sahəsində institutun aparıcı qüvvə olduğunu söyləyib. Əlövsət Quliyev, həmçinin beynəlxalq elmi əlaqələrdən, iqlim dəyişikliklərinin torpaq sistemlərinə təsirini araşdıran layihələrdən və laboratoriya bazasının gücləndirilməsindən danışıb. O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaq və su ehtiyatlarının tədqiqi institutun əsas prioritetlərindəndir.
AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova Torpaq Muzeyinin yaradılması və burada nümunələrin toplanması istiqamətində görülən işləri yüksək qiymətləndirib və torpaqşünaslıq elminin inkişafında görkəmli alimlərin rolunu qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında institutun Azərbaycan torpaqlarının meliorasiyası və xəritələşdirilməsi sahəsindəki nailiyyətlərini vurğulayıb. O, institutun torpaq təsnifatlarının metodikasının hazırlanması, torpaqların deqradasiyasına qarşı mübarizə və digər sahələrdə mühüm xidmətlərini xüsusi qeyd edib.
Konfransda AMEA-nın müxbir üzvü Amin İsmayılov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının torpaq ehtiyatlarından səmərəli istifadənin elmi əsasları” mövzusunda məruzə ilə çıxış edib.
Onlayn formatda çıxış edən aqrar elmlər doktoru, professor Amin Babayev isə “Qarabağda orqanik (ekoloji) kənd təsərrüfatının inkişaf etdirilməsinin aqroekoloji aspektləri” mövzusunu təqdim edib.
Tədbirdə, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və başqaları çıxış ediblər.
Elmi-praktik konfrans bölmə iclasları ilə davam etdirilib. Digər çıxışlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaq ehtiyatlarının səmərəli istifadəsi, su qıtlığı şəraitində alternativ mənbələrin axtarışı, iqlim dəyişikliklərinin təsiri və digər mövzulara toxunulub. Hibrid formatda keçirilən tədbirin sonunda sual-cavab əsasında fikir mübadilələri aparılıb, regionun aqroekoloji inkişafı üçün elmi əsaslı yanaşmaların önəmi vurğulanıb. Elmi nəticələrin gələcək tədqiqatlara və əməkdaşlığa töhfə verəcəyi qeyd olunub.