Azərbaycan kimi aşağı axın ölkələri yetərincə su ala bilmir - XİN nümayəndəsi

Dünyanın bir hissəsində okean səviyyəsinin yüksəlməsi problemi yaşanarkən, digər ölkələrdə, o cümlədən Azərbaycanda su resurslarının azalması, çayların kiçilməsi müşahidə olunur.
Bunu Xarici İşlər Nazirliyinin nümayəndəsi Kəmalə Hüseynli-Abışova Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
O xatırladıb ki, su məsələsi iqlim platformalarına yalnız COP26-da, su pavilyonunun simvolik açılışı ilə daxil oldu:
"COP27-də qəbul edilmiş qərarda suyun önəmi vurğulandı, COP28-də isə bu məsələ daha da irəlilədi. COP29-da isə Azərbaycanda ilk dəfə suya dair siyasi deklarasiyanı təqdim etdik. Bu deklarasiya, öz növbəsində “Bakı Dialoqu: İqlim Fəaliyyəti üçün Su” platformasını işə saldı".
Nazirlik nümayəndəsi vurğulayıb ki, hazırda su üzrə bir çox hüquqi çərçivələr mövcuddur ki, bunlar transsərhəd əməkdaşlığı müzakirə və həll səviyyəsinə gətirir:
"Lakin təəssüf ki, bir çox ölkələr, xüsusilə yuxarı axın və orta axın ölkələr beynəlxalq çərçivələrə tam qoşulmur. Azərbaycan kimi aşağı axın ölkələri isə suyun son təyinat yerinə malikdir və yetərincə su ala bilmir.
Biz yalnız su çatışmazlığı ilə üzləşmirik, bu problem getdikcə artır və bu, yalnız gələcək nəsillərin deyil, bizim özümüzün də üzləşdiyi bir problemdir. Mən sizi Milli Adaptasiya Planımıza da diqqət yetirməyə dəvət edirəm. Burada olan beynəlxalq tərəfdaşları – BMT agentlikləri, çoxtərəfli inkişaf bankları, beynəlxalq maliyyə institutları, qeyri-hökumət təşkilatlarını – planla yaxından tanış olmağa çağırıram".
"Adətən kənd təsərrüfatı nazirləri ərzaq təhlükəsizliyi və məhsul istehsalının vacibliyi barədə danışır, lakin bizim kənd təsərrüfatı nazirimiz bu gün suyun əhəmiyyətindən danışdı. Bu, çox şey ifadə edir. Məsələn, su səmərəliliyi kənd təsərrüfatı planlaşdırılarkən nəzərə alınmalıdır. Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi isə bildirdi ki, iqlim fəaliyyəti su fəaliyyətindən ayrılmazdır və su siyasəti iqlim siyasətidir. Biz bunu qəbul edib tədbir görməliyik. Bəzi yuxarı axın ölkələr isə hesab edir ki, məsələn, bizim region üçün çox uyğun olan BMT Su Konvensiyasına qoşulmaqla, onlara suyun çirklənməsi və ədalətli paylaşımı ilə bağlı irad tutulacaq. Mən isə deyərdim ki, irad tutmaq heç bir problemi həll etmir. Bunun əvəzinə Bakı Dialoqu və COP29 sədrliyi çərçivəsində problemlərə həll yolları axtardıq", - deyə nazirlik nümayəndəsi əlavə edib.//Trend