Daily Star: Üçüncü dünya müharibəsi 2026-cı ildə başlaya bilər
Üçüncü dünya müharibəsi 2026-cı ildə başlaya bilər. Bu proqnozla Böyük Britaniyanın Daily Star nəşrinin icmalçıları çıxış ediblər.
Onlar ekspertlərin fikrinə istinad edərək potensial münaqişə üçün beş əsas zonanı arqument kimi göstəriblər.
Birinci zona ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya qarşı güc siyasətinə keçməsi ilə bağlı Karib dənizində gərginliyin artmasıdır. İkinci potensial münaqişə zonası kimi Rusiya ilə region ölkələri arasında gərginliyin yüksəldiyi Finlandiya körfəzi göstərilir.
İcmalçıların qeyd etdiyinə görə, üçüncü mümkün toqquşma nöqtəsi Çin sahilləri yaxınlığında yerləşən Tszinmen (Kinmen) adalarıdır; bu adalar Tayvan ətrafındakı münaqişələrə cəlb oluna bilər.
Dördüncü zona dünya neft daşımalarının beşdə birinin keçdiyi Hörmüz boğazı adlandırılır. Ekspertlər ehtiyat edirlər ki, İsrail və ya ABŞ ilə münaqişənin kəskinləşməsi halında İran boğazı bağlamağa cəhd göstərə bilər. Beşinci gərginlik nöqtəsi kimi Seul və Koreya yarımadası göstərilir.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Avropa və NATO-nun dünyanı üçüncü dünya müharibəsi astanasına gətirə biləcək bir xətt yürütməyə başladığını bəyan etmişdi. Qeyd olunur ki, Rumıniyanın 2025–2030-cu illər üçün yenilənmiş Milli Müdafiə Strategiyasında ölkə üçün təhlükə kimi Rusiya göstərilir.

