Arzu Əliyeva və Alena Əliyeva “Tağıyev: Məktəb” bədii filminin təqdimatında iştirak ediblər

Mayın 1-də Heydər Əliyev Mərkəzində “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub.

Təqdimatda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Alena Əliyeva, hökumət rəsmiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Filmin nümayişindən əvvəl çıxış edən kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib ki, bu ekran əsəri yalnız bir tarixi şəxsiyyətin həyatını əks etdirmir, eyni zamanda, milli yaddaşın və mənəvi dəyərlərin bərpası baxımından da xüsusi əhəmiyyət daşıyır.

"Hacı Zeynalabdin Tağıyev bugünkü Azərbaycanı görə bilsəydi, yəqin ki, yalnız arzularının deyil, bəlkə də heç təsəvvür edə bilmədiyi bir gələcəyin gerçəkləşdiyinin şahidi olardı. Biz bu gün elə bir dövrdə yaşayırıq ki, Tağıyev dövründə əsası qoyulan quruculuq, millətçilik və maarifçilik ideyaları özünün ən parlaq ifadəsini tapır", - deyə Ayaz Salayev bildirib.

Daha sonra “Tağıyev: Məktəb” bədii filminin nümayişi olub.

Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin sonuncu - dördüncü bölümüdür.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyətdir. O, çətinliklərlə üzləşir, amma geriyə addım atmır, zərbələr alır, amma daha güclü olur. Artıq yaşlı vaxtında tale onun üçün daha bir sınaq hazırlayır. O, parlaq gələcək üçün zəka, təhsil və dünyagörüşü hər kəsə əlçatan olmalıdır deyərək vacib qərar verir. Sonrakı nəsillərin bilikli və savadlı olması üçün verilən bu qərar nəticədə onun öz taleyi ilə yanaşı, millətinin də taleyini dəyişir.

“Tağıyev: Məktəb” filmində böyük xeyriyyəçinin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin fəaliyyətə başlaması hadisəsi, onun bu zaman üzləşdiyi çətinliklər, maneələr bədii və estetik formada tamaşaçıya təqdim edilir.

Filmin nümayişindən sonra çıxış edən filmin quruluşçu rejissoru Zaur Qasımlı, Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov və yaradıcı heyətin digər üzvləri ekran əsərinin ideya və çəkiliş prosesi barədə fikirlərini bölüşüblər.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva başda olmaqla filmin ərsəyə gəlməsində əməyi keçən bütün yaradıcı heyətə təşəkkür bildirilib. Qeyd olunub ki, layihənin yüksək səviyyədə hazırlanması komandada birgə əmək, peşəkarlıq və yaradıcı yanaşmanın nəticəsidir. Filmin çəkilişində iştirak edən hər kəsin zəhməti xüsusi olaraq vurğulanıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.