Ceyhun Bayramov çexiyalı həmkarı ilə müzakirələr aparıb
26 may tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin müdafiəsi və BMT-yə yönəlmiş beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasında iştirakı çərçivəsində Çex Respublikasının xarici işlər naziri Petr Maçinka ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhub Bayramov Çex həmkarınını xarici işlər naziri təyin olunması münasibətilə bir daha təbrik edib.
Görüş zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Çexiya arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, dövlət və hökumət, eləcə də Parlamentlər səviyyəsində nümayəndələrin qarşılıqlı səfər və təmaslarının, XİN-lərarası siyasi məsləhətləşmələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb.
Cari ilin aprel ayında Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı əldə edilmiş mühüm razılaşmalardan irəli gələn məsələlər nəzərdən keçirilib.
Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması, mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.
Görüşdə nazir keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

