Tarix və yəhudi xalqı İkinci Dünya müharibəsi zamanı 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq

Dünya birliyi bir neçə gün bundan əvvəl ağır pandemiya şəraitində müasir dünya tarixində mühüm hadisə olan faşizm üzərində Böyük Qələbənin 75 illiyini qeyd etdi. Bizim hamımızı ümumi keçmiş birləşdirir və biz babalarımızın, ulu babalarımızın müharibə illərində özlərini qurban verərək göstərdikləri qəhrəmanlıqlara layiq olmalıyıq.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bildirib.

İsrailli ekspert deyib: “Böyük Qələbənin bizim əcdadlarımıza nəyin bahasına başa gəlməsini, həmçinin bizim və uşaqlarımızın əmin-amanlıq şəraitində yaşamağımızdan ötrü çiyin-çiyinə vuruşaraq onu necə əldə etmələrini unutmağa ixtiyarımız yoxdur. Neçə il keçsə belə, bu müharibə və Böyük Qələbə haqqında xatirə xalqın qəlbində yaşamalıdır ki, dövrlərin əlaqəsi kəsilməsin”.

Atye Qut qeyd edir ki, o, bir israilli və sovet ordusunun zabitinin nəvəsi kimi öz babasına görə fəxarət hissləri keçirir. “Lakin mənim babam qazanılan qələbə ilə yanaşı, yəhudi xalqı üçün qorxunc və dözülməz faciəyə çevrilən dəhşətli Holokost soyqırımının da şahidi olub. Həyatımda ilk dəfə olaraq, hələ uşaq yaşlarında mən Holokost barədə məhz babamdan öyrəndim. Mənim babam bu soyqırımı zamanı bütün ailəsini, hazırkı Ukraynanın ərazisində yaşayan bütün doğmalarını itirib. O, cəbhədə olduğuna görə sağ qalmışdı. O, Vətənini müdafiə edərək, Zaporojyedən Berlinədək getdi, lakin öz doğmalarını qoruya bilmədi. Evinə qalib kimi dönürsən, lakin sənin evin boş, bütün doğma-yaxınların isə həyatda yoxdur. Bu, elə ağrılıdır ki... Bu, vəhşiləşmiş və qudurğan faşist rejimi tərəfindən yəhudi xalqının kütləvi şəkildə məhv edilməsi, ağrı-acı, iztirab, alçaldılma, təhqir, vəhşilik, barbarlıqdır”, - deyə Arye Qut vurğulayır.

Ekspert qeyd edir ki, ən maraqlısı bir neçə gün bundan əvvəl, Ermənistanın hazırkı baş naziri öz babasının şəklini “Facebook” səhifəsində qoyanda baş verdi.

“Xatırladaq ki, 9 Mayın ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan özünün babası – Nikol Paşinyanın şəklini paylaşaraq bu sözləri yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyasının 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda ölənlərə əbədi eşq olsun”.

Məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babası İkinci Dünya müharibəsi zamanı faşistlərlə və nasistlərlə əməkdaşlıq edən kollaborasionist olub. Ermənistanın baş nazirinin sosial şəbəkədə öz babasına həsr etdiyi postdan sonra erməni jurnalistlər tərəfindən onun babasının şəxsiyyətini araşdırılması nəticəsində əldə edilmiş məlumatlar ictimaiyyətə təqdim olunub.

Məsələn, “Iravunk.com” saytı bu mövzuya “Düşmənlə əməkdaşlıq edib, həlak olub”: baba Nikol Paşinyan haqqında məlumatlar” adlı məqalə həsr edib. Lakin baş nazirin dərcinin altında Nikol Vartanoviç Paşinyanın nasist ordusunun sıralarında, məhz Qaregin Njdenin rəhbərlik etdiyi legionda vuruşması barədə dərhal şərhlər əmələ gəlməyə başlayıb.

Arye Qut burada Azərbaycan Prezidenti İlham Əliyevin MDB-nin Aşqabad Sammitində dediyi sözləri və Paşinyanın faşist Njdeni sovet dissidenti Soljenitsın ilə müqayisə etmək cəhdini xatırladır. Lakin orada da Ermənistanın “demokrat lideri” müvəffəqiyyətsizliyə uğrayır. Azərbaycan Prezidenti deyib: “Əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

Prezident İlham Əliyev Rusiya XİN-in Njdenin nasistlərlə əlaqəsinin və onun sovet hakimiyyət orqanları tərəfindən həbs olunmasını təsdiqləyən hesabatından də sitat gətirib.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert, ictimai xadim Arye Qut yazır: “Hesab edirəm ki, İlham Əliyev öz ölkəsinin əsl lideri kimi hərəkət etdi. Yəni MDB-yə üzv ölkələrin prezidentləri arasında ilk dəfə olaraq o, Ermənistanın baş nazirinin üzünə onun ölkəsinin artıq illərdir faşist və antisemit Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə məşğul olmasını dedi”.

Arye Qutun sözlərinə görə, xalqların öz tarixlərini, tarixi keçmişini təfsir etmək və özlərinin milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına heç kim qarışmır. O vurğulayıb: “Lakin biz susmamalıyıq - Prezident İlham Əliyevin MDB Sammitində əsl həqiqəti dediyi kimi. Dəhşətli Holokost cinayətlərində əli olan adamlar milli qəhrəmanlar kimi qələmə veriləndə biz susmamalıyıq. Nasistlərlə əlbir olmuş, faşist və antisemit Qaregin Njdeyə üç il bundan əvvəl Yerevanda abidə ucaldılmasına biz israillilər necə reaksiya verməliyik? Bəşəriyyətə qarşı cinayətdə təqsirləndirilən faşist cinayətkarı ölkə necə özünün qəhrəmanı adlandıra bilər? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi – biabırçılıq və Holokost qurbanlarının xatirəsinə təhqir deməkdir. Şəxsən mənim üçün, babasının bütün ailə üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilən bir insan üçün bu, mənim qəlbimdə dözülməz bir ağrıdır”.

“Bu gün artıq sirr deyil ki, faşizm ideologiyası, faşist Almaniyası ilə sıx əməkdaşlıq edən erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması Ermənistanda dövlət səviyyəsində təbliğ edilir, onlara abidələr qoyulur, küçələrə, təhsil müəssisələrinə, strateji mərkəzlərə onların adı verilir. Faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması Cənubi Qafqazın bu ölkəsində dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Ən dəhşətli və ürəkbulandırıcı odur ki, faşizm ideologiyası “Njdeizm” adı altında Ermənistanda tədris müəssisələrinin proqramına salınıb və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə olunur”, - deyə israilli ekspert qeyd edir.

Qutun sözlərinə görə, dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması, burada şovinizmin, millətçiliyin, faşist və antisemitlərin yüksəkliklərə qaldırılmasının istər köhnə Sarkisyan rejimi, istərsə də Paşinyanın qondarma “demokratik rejim”i üçün dövlət siyasətinin ayrılmaz hissəsi olması barədə çox gözəl məlumatlandırılıb. Bunu da qeyd etmək yerinə düşər ki, bu qaniçən faşist və antisemitlərə sitayiş hansısa marginal siyasi qruplaşma qüvvələri tərəfindən icra edilmir. Bu fəaliyyətin və aksiyaların arxasında dövlət dayanır, daha dəqiq desək, müasir Ermənistan Respublikasının hazırkı rəhbəri və siyasi isteblişmenti dayanır.

Faşist və antisemit general Qaregin Njdeyə ucaldılan heykəlin açılış mərasimində Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və sabiq müdafiə naziri Seyran Ohanyanın iştirakı faktı, üstəlik hələ Paşinyanın özünün faşist-kollaborasionist olmuş babasının şəklini Qələbə Günündə üzə çıxarması bir daha sübut edir ki, Ermənistanın həm sabiq, həm də hazırkı liderləri özlərini erməni faşistləri və antisemit Njde və Dronun əsl və həqiqi varisləri hesab edirlər.

“Yaradıcılarından biri faşist Njde olan 20 minlik erməni legionunun İkinci Dünya müharibəsi zamanı törətdiyi qəddarlıqları tarix və yəhudi xalqı heç vaxt unutmayacaq. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar mövcuddur. Başda general Njde olmaqla erməni legionunun məqsədi yəhudilərə və alman ordusu üçün “yararlı olmayan” digərlərinə qarşı basqınlar törətmək, onları məhv etmək idi.

Məhz erməni legionunun fəaliyyəti nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə təmizlənib. Bütün bunlardan sonra biz müasir Ermənistanda erməni faşisti və antisemitinin milli qəhrəman dərəcəsinə qaldırmalarına etinasız baxa bilərikmi? Və bundan sonra ermənilər biz israillilərə vicdan, əxlaq və ədalət dərsi öyrətmək istəyirlər. Və bundan sonra Ermənistanın bəzi “yəhudi” liderləri mənə sübut edəcəklər ki, Ermənistanda yəhudilərə və israillilərə qarşı antisemitizm və ədavət yoxdur”, - deyə Arye Qut bildirib.

İsrailli ekspert qeyd edir ki, müasir Ermənistanın bu siyasətini gec açılan bomba adlandırmaq olar. Çünki bu ideologiya ilə böyüyən gənclik gələcəkdə faşizmi və terrorizmi davam etdirəcək.

“Ermənistan hökumətinin maliyyə dəstəyi ilə “Qaregin Njde və onun təlimi” adlı kitab nəşr olunub, həmçinin onun haqqında bir neçə milyon ABŞ dollarına başa gələn film çəkilib. ABŞ və Rusiyanın maliyyə yardımını Ermənistanda bax belə yerlərə – nasizmin, faşizmin və terrorizmin populyarlaşdırılmasına sərf edirlər. Ermənistanın bu dövlət siyasəti İkinci Dünya müharibəsində faşizmlə mübarizədə həlak olan milyonlarla insanın, onların yaxınlarının və veteranların, xüsusən faşizm üzərində qələbəyə nail olunmasında misilsiz xidmətləri olan keçmiş SSRİ-nin vətəndaşlarının xatirəsinə qarşı ifrat hörmətsizliyin nümunəsidir. Burada belə sual meydana çıxır – görəsən ermənilərin Njde, Dro kimi faşistlərdən başqa qəhrəmanları yoxdurmu?”, - deyə Arye Qut ritorik sual verir.