İKİNCİ XƏZƏR GÖLÜ: onu Xəzər dənizi ilə bağlayan nədir?

Rəşid Fətəliyev

AMEA, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent

90-cı illərin əvvəllərində ilk dəfə Türkiyədə qısamüddətli ezamiyyətdə olarkən bir türk həmkarım “bizim də kəndi Hazar gölümüz var” demişdi, çox da əhəmiyyət verməmişdim. Koronavirus “tətilləri” zamanı Rusiyanın REN TV kanalında Türkiyənin Xəzər gölündə batmış qədim bir şəhər haqında danışılırdı. Bu dəfə maraq məni götürdü, əcəba, doğrudanmı, ikinci Xəzər gölü varmış?- deyə düşündüm.

Ümumiyyətlə, bir etnosun yaşadığı müxtəlif ərazilərdə, oxşar, hətta eyni toponimlərin olması o qədər də nadir sayılmaz, amma bu hal, daha çox yaşayış məskənləri, qismən dağlar və arabir çay kimi coğrafi obyekt adlarında rast gəlinir.

Məsələn, türk etnosunun məskunlaşdığı arealda Ağdaş, Daşkənd, Göygöl, Qarasu, Aladağ, Sarıtəpə və s. bu kimi coğrafi adlara rast gəlinir ki, bunların da əksəriyyəti coğrafi obyektin rənginə, ölçüsünə və s. keyfiyyətlərinə görə verilmiş adlardır. Adətən yaşayış məskənləri adlarında (oykonimlərdə) etnos, xalq, tayfa, qəbilə adları üstünlük təşkil edir, lakin oykonimlərdən fərqli olaraq, etnonimlərlə bağlı çay, göl (hidronimlər) və dağ, təpə adlarının (oronimlər) sayı xeyli azdır, üstəlik, bu tipli eyni toponimin mövcudluğu çox nadir haldır, özüdə ki, göl ola.

Bu cəhətdən ikinci Xəzər gölünün (bilirik ki, Xəzər dənizi göldür, özü də dünyanın ən böyük gölüdür) mövcudluğu təəccüblü olduğu qədər də xeyli maraqlıdır.

Məlumdur ki, Xəzər dənizinin adı vaxtılə onun şimalında yaşamaış, VII-X əsrlərdə indiki Rusiyanın cənubunda, Böyük Qafqaz dağları, Volqa və Don çayları arasında Xəzər Xaqanlığı adlı imperatorluq qurmuş türkdilli Xəzərlərlə əlaqədardır, yəni bu su coğrafi obyektinin adı xalq adından götürülmüşdür, etnohidronimdir.

Bəs, elə isə Türkiyədəki gölün adının da Xəzər olmasının anlamı nədir? Araşdıraq.

İnternet səhifələrinə baş vurdum və həqiqətən, Anadolunun ortasında, Elazıq ilində (vilayətində) Xəzər adlı bir göl var. Ölçüləri bizim Xəzərlə müqayisəyə gəlməsə də, ona kiçik göl demək də düz olmaz, belə ki, uzunluğu 22 km, eni 5-6 km, su səthinin sahəsi isə 86 kv. km-dir. Adı ilə bərabır göl haqqındakı məlumatlar arasında mənə maraqlı gələn aşağıdakı bir neçə bilgi düqqətimi çəkdi:

Birincisi, dünyaca məşhur Dəclə (Tiqr) çayı öz başlanğıcını Tavr dağlarından (Toroslardan), daha doğrusu, dəniz səyyəsindən 1248 m hündürdə yerləşən Xəzər gölündən götürür və neçə-çeçə sivilizasiyaların vətəni olan Mesopotamiya ovalığından keçərək, cənubda Fars körfəzinə tökülür;

İkincisi, gölün o qədər də böyük olmayan (277 kv.km ) hövzəsində gölə tökülən cəmi 10 çay mövcuddur ki, onların da ən böyüyü Kürk (adına fikir verin!) çayıdır. Kür çayı Xəzər dənizinə qərb tərəfdən töküldüyü kimi, Kürk çayı də Xəzər gölünə eynilə qərb tərəfdən tökülür;

Üçüncüsü, Xəzər gölü tektonik (rift) tipli göldür, Yer qabığının Şərqi Afrikadan başlayıb Ölü dənizdən keçən qırılma xəttinin (çatın) üzərində əmələ gəlib və öz sahəsinə nisbətdə xeyli dərinliyə (213 m) malikdir. Xəzər dənizi isə dərinliyinə görə (1020 m) Baykalan sonra (1642 m) dünyada ikinci göldür;

Dördüncüsü, son illərdə Xəzər gölünün də səviyyəsi xeyli düşmüş və bir vaxtlar batmış qədim şəhərin qalıqları görünməyə başlamışdır. Türklərin “Batık kent” dedikləri bu şəhərin 19-cu əsrin əvvəllərində su altında qaldığı bildirilir. Xəzər dənizinin suları altında da bir neçə şəhərin (Səbail, Muğan və s.) qaldığı məlumdur;

Beşincisi, Xəzər gölünün cənub-şərqində yüksələn və regionun ən hündür dağının (2347 m) adı Hazarbabadır, yəni Xəzərbaba.

Qeyd edilən məlumatlardan görünür ki, Xəzər dənizi və Xəzər gölü arasında, fərqliliklərlə yanaşı bəzi oxşarlıqlar da mövcuddur. Onlardan ən əsası hər iki gölün etimologiyasında “Xəzər” sözünün iştirakıdır ki, Xəzər dənizi ilə əlaqədar yuxarıda dediyimiz kimi, bu, türkdilli Xəzər tayfaları və onların qurduqları Xəzər Xaqanlığı ilə bağlıdır.

Türkiyənin Xəzər gölünə münasibətdə isə hələlik yekdil elmi fikir yoxdur. Göl ətrafında yaşayan müasir türklər bu adın mənasını müxtəlif rəvayətlərlə yozurlar. Danışılan rəvayətlərin birində onu Hazər adlı bir gənclə bağlayırlar: guya, bu gənc vaxtılə gölün ortasındakı adada tikilmiş kilsənin keşişinin qızına aşiq olubmuş və hər gün onu görmək üçün üzərək adaya gedirmiş.

Günlərin bir günü görüşə gedərkən suda boğularaq həlak olur və o vaxtdan göl onun adıyla adlanmağa başlayır. Təbii ki, bunlar elmi yanaşma deyil, xalq etimologiyasıdır, xalq yozumlarıdır, belə oxşar rəvayətlərə müxtəlif yerlərdə və digər coğrafi obyekt adlarının araşdırılmasında da rast gəlmək mümkündür.

Digər bir yerli rəvayət qədim dönəmlərdə Xəzərbaba dağında min əsgərin qışda soyuqdan donaraq öldüyündən bəhs edilir və guya dağın adı “min” sayının fars dilində “hezar” kimi səslənməsindən götürülmüşdür. Aydındır ki, bu da elmi izahdan uzaq olan bir yanaşmadır.

Bəs, reallıq nədən ibarətdir?

-Şübhəsiz ki, tarixçi, coğrafiyaçı və dilçilərin ciddi toponimik araşdırmaları bu suala cavab verə bilər, amma ilkin təəssürat ondan ibarətdir ki, eyni konkret məkanda iki coğrafi obyektin adında “Xəzər” sözünün mövcudluğu onların Xəzər tayfaları ilə mütləq şəkildə əlaqəli olmasına dair şübhə yeri qoymur.

Elə isə, Xəzərlər bu yerlərə haradan və necə gəlib çıxmışlar?

– İnternet səhifələrini araşdıranda məlum olur ki, Elazığ vilayətindəki bu toponimlərdən başqa, Türkiyənin əsasən şərq vilayətlrində indi çoxunun adı dəyişdirilmiş “Xəzər” mənşəli digər yer adları da mövcud olmuşdur. Məsələn, Vanda –Hazara (indiki Qaraboynu) və Hazar (Kırkçalı); Trabzonda - Hazarqrad (İkidərə); Tuncelidə -Hazari (Anıl); Qarsda -Kiçik Hazariyan (Kiçik Sütülcə); Kayseri və Bingöldə isə bu gün də Hazarşah yaşayış məskənlərinin olması heç də təsadüfi sayıla bilməz. Və üstəlik nəzərə alsaq ki, bu ərazilər Xəzərlərin qədim yurd yerlərindən olan Şimali və Cənubi Azərbaycan torpaqlarından coğrafi cəhətdən heç də uzaq deyil, Xəzər tayfalarına məxsus insanların bu torpaqlara köç etməsi mümkündür.

Lerikdə -Xəzəryaylaq, Ordubadda - Xəzəryurd, Qarabağda - Xəzərdağ, eləcə də Cənubi Azərbaycan ərazisində - Xəzərkənd, Xəzərgərən, Xəzərli, Xəzərşah kimi toponimlərin olması Xəzər tayfalarının ta qədimdən Azərbaycan ərazisində məskunlaşmasından xəbər verir. Tədqiqatçılar Xəzərləri qədim kas və kaspi tayfalarının soyundan olduğunu bildirirlər və mənbələrdə kaspilərin Kür çayının aşağılarında Xəzər dənizi sahillərində yaşadıqları haqda məlumatlar yer alır.

Yuxarıda qeyd etmişdik ki, Xəzər gölünə tökülən çayların ən böyüyünün adı Kürkdür. Aydındır ki, kürk isti qış geyimidir, bu sözün çayın adı ilə heç bir məntiqi əlaqəsi görünmür. Ehtimal etmək olar ki, vaxtılə Kürün aşağılarında yaşamış Xəzər qəbilələrindən bir qismi Anadoluya köç etmiş, Xəzər gölü ətraflarında məskunlaşmış, öz adlarını göl və ətrafdakı ən hündür zirvədə (Xəzərbaba) buraxmışlar. Eyni zamanda, gölə tökülən ən böyük çayı köhnə yurd yelərinin xatirəsi olaraq Küçük Kür və ya Kür Küçük adlandırmışlar. Zaman keçdikcə bu ifadə tranformasiya olunaraq qısalmış və müasir Kürk formasını almışdır.

Xəzərlərin Anadoluya nə zaman köç etmələri haqda mənbələrdə hər hansı dəqiq bilgi olmasa da, ehtimal etmək olar ki, onlar mərhələli şəkildə - əvvəlcə, Sasani-Bizans (VI-VII əsrlər), sonra Ərəb – Xəzər müharıbələri dövründə (VII-IX əsrlər) və nəhayət, Səlcuq yürüşləri zamanı (XI-XII əsrlər) Oğuzlarla birlikdə köç edərək Anadolunun müxtəlif, əsasən şərq bölgələrində məskunlaşmışlar.

Xəzər dənizi və Xəzər gölünün digər oxşar cəhətləri - dərinlik və su səviyyəsinin dəyişməsi məsələləri isə bu coğrafi obyektlərin geoloji mənşəyi ilə, təbii (əsasən iqlim) və antropogen amillərlə əlaqədardır. Beləliklə, aydın olur ki, möhtəşəm Xəzər dənizi və Türkiyə ərazisində yerləşən nisbətən kiçik Xəzər gölü arasında fiziki bağlılıq olmasa da, hər ikisi Azərbaycan xalqının etnogenezində əhəmiyyətli rol oynamış qədim Xəzər tayfalarının adı ilə bağlıdır.

Hər bir toponim tarixin kodlaşdırılmış yaddaş səhifəsidir, onların açılması, öyrənilməsi tariximizin doğru-düzgün yazılmasında və milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm əhəmiyyət kəsb edir, xüsusilə indiki dövrdə, Qarabağ uğrunda gedən mübarizə şəraitində. Buna görə, qədim toponimlərin multidissiplinar səviyyədə mütəxəssislər tərəfindən araşdırılmasına ciddi ehtiyac var, çünki belə faktlar ölkəmizin ərazisinin əzəli türk torpaqları olmasını düşmənə sübut etmək üçün ən təsirli mənəvi silah, dünya ictimaiyyətini inandırmaq üçün isə etibarlı mənbədir.