ABŞ-ın Türkiyəyə təzadlı münasibəti – Ankaranın yeni Ağ ev sınağı

ABŞ-Türkiyə münasibətləri yeni bir sınağını yaşayır. Donald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlar NATO-dakı müttəfiqinə qarşı sanksiya tətbiq etməklə qeyri-adi bir hadisənin müəllifi oldu.

İraqın şimalında yerləşən Gara bölgəsində Türkiyənin 13 silahsız vətəndaşının terrorçu PKK/YPG-PYD qruplaşması tərəfindən 2015-ci ildə qaçırılaraq fevralın 13-də qətlə yetirilməsinə ABŞ Prezidenti Cozef Baydenin şübhəli yanaşması, hadisəni törədən terrorçuları birbaşa dilə gətirməməsi iki ölkə arasında yeni gərginliyə səbəb olub. ABŞ Dövlət Departamenti isə hadisə ilə bağlı yaydığı açıqlamada bildirmişdi: "Türk vətəndaşlarının terror təşkilatı PKK-nın əlində öldüyü xəbəri doğrudursa, bu aktı ən sərt şəkildə qınayırıq''. Vaşinqtonun belə müəmmalı yanaşması qarşılıqlı ittihamların yenidən irəli sürülməsinə səbəb olub. Bu həm də Türkiyənin ABŞ-dan, qarşı tərəfin isə rəsmi Ankaradan istəklərinin dəyişmədiyi deməkdir.

NATO-dakı strateji müttəfiqlər bir-birindən nə istəyir? Bu istəkləri təmin etmək mümkündürmü? Kimin kimdən nə istədiyini ümumi şəkildə aşağıdakı şəkildə qruplaşdırmaq olar:

ABŞ-ın Türkiyədən istədikləri: Rusiyanın "S-400” zenit-raket kompleksindən imtina, Aralıq dənizinin şərqində fəaliyyəti dayandırmaq, Türkiyənin parçalanması istiqamətində fəaliyyət göstərənlərə (Xalqların Demokrat Partiyası, bir sıra qəzetlər, jurnalistlər və s) təzyiqləri dayandırmaq, Rusiya ilə əməkdaşlığı azaltmaq, İrandan uzaqlaşmaq, İraq və Suriyadan Türkiyənin ərazi bütövlüyünü təhdid edən terrorçu PKK/YPG-PYD-yə qarşı mübarizəyə ara vermək, Suriya və İraqdan olan qaçqınların Avropaya keçməsinə mane olmaq, Kipr adasındakı münaqişəyə müdaxilə etməmək, Yunanıstanın təhdidlərini cavabsız qoymaq kimi məsələlər və s.

Türkiyənin ABŞ-dan istədikləri: Suriya və İraqdakı terrorçu PKK/YPG-PYD qruplaşmasını silahlandırmamaq, Kipr adasında problemin həllində türklərin hüquqlarını tanımaq, Aralıq dənizinin şərqində Türkiyənin fəaliyyətinin qanuni olduğunu qəbul etmək, "S-400''lə bağlı təklifi dəyərləndirmək, "F-35''lə bağlı sanksiyanın məntiqsizliyini etiraf etmək, ölkənin ərazi bütövlüyünə hörmət etmək, beynəlxalq hüququn prinsiplərini yerinə yetirmək və s.

2019-cu ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pensin paytaxt Ankaradakı təkbətək, iki ölkə rəsmilərinin heyətlərarası görüşlərindən sonra Suriyanın şimal-şərqinə dair 13 maddəlik Türkiyə-ABŞ birgə bəyanatı ictimaiyyətə çatdırılıb. Həmin sənəddə ABŞ terrorçu PKK/YPG-PYD-yə verilən silahları toplayacağını vəd edirdi. Ancaq sonrakı hadisələrlə ABŞ-ın bu terrorçu qruplaşmanı silahlandırdığı təsdiqlənib.

Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında bildirib: "ABŞ kollektiv müdafiəyə sadiqdir''. O, ABŞ-ın Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən, kollektiv müdafiəyə sadiq qaldığını və transatlantik təhlükəsizliyin gücləndirilməsini də təsdiqləyib. Bu isə o deməkdir ki, NATO üzvü olan dövlətlərin ərazi bütövlüyü qeyd-şərtsiz qorunmalı, təhlükəsizliyi təmin edilməlidir.

ABŞ-ın terrorçu PKK-ya silah-sursat, hərbi texnika və tank verməsi isə bu prinsiplərə qarşı çıxmaqdır. Belə çıxır ki, rəsmi Vaşinqton öz müttəfiqinin təhlükəsizliyini və ərazi bütövlüyünü terrorçulara qurban vermək istəyir. Ancaq ABŞ rəsmiləri bütün çıxışlarında Türkiyəni vacib müttəfiq saydıqlarını da gizlətmirlər.

Yeri gəlmişkən, Avropa İttifaqı ölkələri, NATO, ABŞ, Avstraliya, Yaponiya, Kanada, Qazaxıstan, Suriya, İraq, İran və başqa ölkələr, beynəlxalq təşkilatlar PKK-nı terrorçu təşkilat olaraq tanıyır. Rusiya, Çin, Hindistan, İsveçrə, Misir, İsrail, Tunis, Səudiyyə Ərəbistanı, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri isə PKK-nı terrorçu qruplaşma olaraq qəbul etməyənlərdəndir. Belə bir vəziyyətdə ABŞ-ın Türkiyəyə münasibətini təzadlıdır. Ehtimal etmək olar ki, Vaşinqton rəsmi Ankara qarşısında irəli sürdüyü şərtlərlə Türkiyəni daim gərgin vəziyyətdə saxlamağa çalışır. Bu davranışı və təzyiqləri ilə onun İran və Rusiyaya yaxınlaşmasının qarşısını almağa cəhd göstərir. Vaşinqton şərtlər və istəklər qarşılığında Türkiyəyə qarşı olan terrorçuları silahlandırmaqda davam edir. Beləliklə, ABŞ NATO-da strateji müttəfiq, regionda etibarlı tərəfdaşı olan Türkiyədən imtina da edə bilmir. Çünki bölgədə İsraillə yanaşı, Qərb standartlarına və dəyərlərinə uyğun gələn dövlətdir. Bununla belə, demək olar ki, indi də Cozef Baydenin Ağ evi Ankaranı sınaqdan keçirir.

Sədrəddin İsmayılov