"Bu xalq hələ uzun illər şərəfli tarix yazmaqda davam edəcək!" - Millət vəkilindən bayram təbriki

Dəyərli Həmvətənlər! Sizi 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Azərbaycan xalqı dünyanın ən qədim, təqribən 5 min illik dövlətçilik ənənələrinə malik olan bir xalq olaraq özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Buna baxmayaraq, Azərbaycan dövləti müxtəlif zamanlarda müharibələr, inqilablar, hərbi münaqişələr nəticəsində parçalanıb, işğallara məruz qalıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bu və ya digər səbəbdən doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan azərbaycanlılar hazırda 55 milyondandan cox olmaqla dünyanın hər yerində yaşayırlar. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ümummilli liderimiz Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, məhz bu tarixdən bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. 44 günlük “Vətən Müharibəsi”nin gedişindən və qazanılmış Şanlı Zəfərdən sonra torpaqlarımıza əyri gözlə baxan hər bir dövlət bilməlidir ki, qarşısında dünyaya şanlı tarix yazmış AZAD TÜRK xalqı var! Biz əminik ki, necə ki, Heydər Əliyev idealogiyası yaşayır və müasir dünya siyasi arenasında qətiyyətli, qorxmaz İlham Əliyev kimi lideri, Müzəffər Ali Baş Komandanı var, bu xalq hələ uzun illər şərəfli tarix yazmaqda davam edəcək! Sizi bir daha yeni arzular gətirən YENİ İL və xüsusəndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycanımızın daim var olması, inkişafı naminə yorulmaz fəaliyyət arzulayıram!

Sadiq Qurbanov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri