Yenidən 5 illik Sovet təhsil sisteminə keçidmi olacaq?

Rusiyanın bütün təhsil müəssislərini Boloniya təhsil prosesindən çıxardılar. Bu barədə TASS informasiya agentliyi Rusiya Təhsil və Elm Nazirinin müavini Dmitri Afanasyevə istinadən məlumat verib. “11apreldə Boloniya qrupu Rusiya və Belorusun Boloniya prosesindəki bütün strukturlarda nümayəndəliklərinin fəaliyyətini dayandırmaq haqqında qərar qəbul edib.” –deyə Afanasyev bildirib.
Nazir müavininin dediyinə görə təhsil müəssisələrinin rəhbərləri Rusiya Universitet Rektorları İttifaqının Prezidentin Ukraynadakı xüsusi hərbi əməliyyat həyata keçirmək haqqında qərarını dəstəkləmişlər. Buna görə də universitetlər də daxil olmaqla təhsil təşkilatları Boloniya prosesindən çıxarılmışlar. “ Mən deyərdim ki, Boloniya sistemi bizdən çıxdı, biz ondan deyil.”
Boloniya prosesindən çıxdıqdan sonra bakalavr və magistratura pillələrinin Rusiya təhsil sistemində qalıb –qalmayacağı barədə hələ dəqiq məlumat verilmir. Amma Afanasyevin sözlərinə görə balavriat və magistratur Rusiyada təhsilin səviyyəsini inkişaf etdirməyib. O, hesab edir ki, 4 illik bakalavriat elm, savad, vərdiş əldə etmək baxımdan yetərli deyil.
Bir qədər əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko Rusiyanın Boloniya prosesinə inteqrasiyasındakı uğursuzluğu barədə məlumat vermişdi.
May ayının 24-də Rusiyanın Boloniya prosesindən imtina etmək və öz ali təhsil sistemini qurmaq istəməsi ilə bağlı məlumat daxil olmuşdu. Bu ideyanı Dövlət Dumasının vitse spiker i Pyotr Tolstoy elm və ali təhsil komitəsinin 1-ci müavini Oleq Smolin dəstəkləmişdilər.
Rusiya kütləvi informasiya vasitələrində Boloniya prosesinin Rusiya üçün əhəmiyyəti və ziyanı barədə geniş müzakirə açıldı. Bu barədə rəy bildirənlərin əksəriyyəti Boloniya təhsil prosesinin Rusiya təhsil sistemi üçün əlverişli olmaması və köhnə sovet təhsil sisteminə qayıtmağın zəruriliyini müdafiə edirdilər. İndi məlum olur ki, bu müzakirələr Rusiya təhsil sistemində çalışan və ali məktəblərdə təhsil almaqda olanları Boloniya prosesində çıxmağa hazırlayırmışlar. Müzakirələr elə təqdim olunurdu ki, sanki Rusiya özü Boloniya prosesindən imtina edir. Amma indi məlum olur ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla olduğu kim Boloniya prosesindən də Rusiya öz istəyi ilə çıxmayıb. Sadəcə bu ölkənin Boloniya prosesindəki fəaliyyətinə xitam veriblər. Belə olan halda Rusiya elm və təhsilini qarşıda nə gözləyir? Rusiya Boloniya prosesinə alternativ hansı təhsil sistemini inkişaf etdirəcək? Yenidən 5 illik Sovet təhsil sisteminə keçidmi olacaq?
Bu sualların cavablandırmaq indiki halda çox çətindir. Ona görə ki, Rusiya elm və təhsili heç gözləmədiyi yerdən ciddi zərbə aldı. Gözlənilən budur ki, Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar Boloniya prosesindən çıxarılmaqla elm və təhsilinə tətbiq olundu. Hələ müharibə başa çatdıqdan sonra bu ölkənin iqtisadiyyatının dirçəlməsi üçün 10 illərlə vaxt sərf olunacağı kimi elm və təhsili də əvvəlki vəziyyətə qytarmaq üçün uzun illər lazım gələcək.

Politoloq Əlimusa İbrahimov