Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda, Sumqayıtda və Balakəndə əməliyyatlar keçirib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı və Sumqayıt şəhərləri, eləcə də Balakən rayonunda qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar keçiriblər.
DİN-in mətbuat xidmətindən bildirilib ki, tədbir zamanı Elçin Hüseynov, Elmar Nəsibov, Məhəmməd Tağıyev, Murad Rüstəmov və Əli Qarayev tutularaq istintaqa təqdim ediliblər. Nəticədə Elçin Hüseynovdan bir ədəd “Kalaşnikov” avtomatı, iki daraq, 60 patron, Elmar Nəsirovdan bir lüləsi kəsilmiş ov tüfəngi, Məhəmməd Tağıyevdən “Zəfər” markalı tapança, yeddi patron, Murad Rüstəmovdan bir “Kalaşnikov” avtomatı, həmin silaha aid daraq, Əli Qarayevdən isə revolver tipli tapança, üç patron və bir lüləsi kəsilmiş ov tüfəngi aşkarlanıb.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Həmin şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat –istintaq tədbirləri davam etdirilir.