Bakı Ali Neft Məktəbi çinli tələbələr üçün beynəlxalq proqram təşkil edib

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın dəstəyi və bu ali məktəbin təşkilatçılığı ilə “Dayanıqlı gələcək üçün dayanıqlı enerji” mövzusunda beynəlxalq proqram keçirilib.

BANM-dən  bildirilib ki, proqramda Çinin müxtəlif universitetlərindən 17 tələbə, Bakı Ali Neft Məktəbində təhsil alan çinli tələbələr, Sumqayıt Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin 2 tələbəsi, həmçinin Türkiyənin TPAO şirkətinin 2 əməkdaşı iştirak edib.

Proqramın açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçılara uğurlar arzulayaraq bu proqramın onlar üçün faydalı olacağına, səmərəli vaxt keçirəcəklərinə və yeni biliklər əldə edəcəklərinə əminliyini bildirib. Rektor Bakı Ali Neft Məktəbinin Çin universitetləri və şirkəti ilə əməkdaşlığına da toxunaraq xatırladıb ki, Çin Neft Universiteti ilə anlaşma memorandumu imzalanıb, BANM-in məzunları burada təhsil alırlar, hər iki universitetə qarşılıqlı səfərlər həyata keçirilib, həmçinin BANM “Huawei” şirkətinin Azərbaycandakı sosial layihələrində mühüm yer tutur. Elmar Qasımov Çinlə ilk dəfə mühəndislik sahəsində həyata keçirilən bu beynəlxalq proqramın əlaqələrin daha da inkişafı, eyni zamanda, Çinin digər universitetləri ilə əlaqələrin yaranması, BANM-də təhsil alan çinli tələbələrin sayının artmasına dəstək olacağını vurğulayıb.

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin Siyasi şöbəsinin müdiri xanım Xu Qing iştirakçılara uğurlar arzulayıb və bu beynəlxalq proqramın əhəmiyyətinə toxunaraq bildirib ki, bu, pandemiyadan sonra çinli tələbələrin Bakıya ilk səfəridir. Səfirliyin nümayəndəsi SOCAR-ın dəstəyi ilə Bakı Ali Neft Məktəbinin təşkil etdiyi bu beynəlxalq proqramın iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafında daha bir göstərici olacağını qeyd edib.

Çin Neft Universitetinin Beynəlxalq əlaqələr ofisinin müdir müavini Li Lingyun çıxışında zəngin və faydalı proqram hazırlandığını bildirib. O, tələbələrin Bakı Ali Neft Məktəbi, proqram barədə təəssüratlarının yüksək səviyyədə olacağına əminliyini ifadə edib. Çin Neft Universitetinin nümayəndəsi BANM ilə bu cür proqramların sayının artacağına, əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını da əlavə edib.

Qeyd edək ki, “Dayanıqlı gələcək üçün dayanıqlı enerji” mövzusunda təşkil olunan dördgünlük proqramda BANM-in müəllimləri tərəfindən “Yaşıl enerji sektorunda startaplar üçün imkanlar və çağırışlar”, “Dayanıqlı enerjinin gələcəyinin formalaşmasında süni intellektin rolu”, “Azərbaycanda iki neft bumu: Bakının qlobal şəhər kimi formalaşması”, “Azərbaycanın “yaşıl enerji” keçidi”, “Geotermal enerji bərpa olunan enerjinin sabit növlərindən biri kimi” və digər mövzularda təlimlər təşkil olunub. Proqram iştirakçıları, həmçinin “Caspian İnnovation Center”də olublar. Proqram çərçivəsində Azərbaycanın zəngin irsi, mədəniyyətini tanıtmaq üçün tarixi məkanlara, Bakının görməli yerlərinə gəzintilər də təşkil edilib.