1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI                                                                                                                    

 Ümumiyyətlə Qərbi Azərbaycan torpaqlarında həyata keçirilən deportasiya siyasəti 3 (üç) əsas mərhələyə bölünmüşdür. 1905-1918, 1948-1953 və 1987-1991-ci illəri əhatə edən deportasiyalar nəticəsində minlərlə həmyerlimiz öldürülmüş və öz yurdlarından didərgin salınmışlar. XIX əsrin axırlarına olan statistikaya görə Dərələyəz mahalı 154 kəndə sahib olmuşdur ki, bunlardan 45 kənd 1905-1907-ci illərdə tamamilə məhv edilmişdir.

İkinci Dünya Müharibəsindən (1939-1945-ci illər) Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qalib çıxmasından istifadə edən ermənilər özlərinin şovinist siyasətlərini davam etdirmişlər. 1945-ci ilin aprel ayının 19-da Eçmiədzin kilsəsinin arxiyepiskopu Gevorq Çörəkçiyanın SSRİ-nin rəhbəri İosif Stalinlə görüşündən sonra 100 min erməninin Qərbi Azərbaycan torpaqlarına immiqrasiyası və azərbaycanlıların deportasiyası haqqında qərar qəbul edilmişdir. SSRİ hökuməti bu köçürməni Mingəçevir su anbarının inşasından sonra həmin ərazilərdə pambıq yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac yaranması ilə əlaqələndirməyə çalışmışdır. 15 may 1945-ci ildə Ermənistan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqory Arutinov  məktubla İ.Stalindən xaricdə yaşayan ermənilərin geri qaytarılması haqqında qərar qəbul etməsini xahiş etmişdir. Oktyabr ayının 27-də Q.Arutinov İ.Stalinlə görüşü zamanı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana ilhaq edilməsini xahiş etmişdir. Sözügedən şəxsin istəyi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) birinci katibi Mir Cəfər Bağırova göndərilmişdir. M.C.Bağırov sözügedən məsələnin bir şərtlə yerinə yetirilməsinə razı olduğunu söyləmişdir. Belə ki, o, Şuşa istisna olmaqla, Ermənistan SSR-nin azərbaycanlılar yaşayan Əzizbəyov, Vedi və Qarabağlar rayonları Azərbaycana birləşdirildikdən sonra bunun mümkün olduğunu vurğulamışdır. Sözügedən şəxsin bu tələbindən sonra bu məsələ bağlanmış və əvəzində azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası məsələsi reallaşdırılmağa başlamışdır. SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il fərmanına əsasən xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanmışdır. Aparılan araşdırmalar göstərir ki, Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Ruminyadan 50 min 900 nəfər erməni immiqrasiya edilmişdir.  Köçürmə siyasətinin davamı olaraq, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək, Ermənistanda yerləşdirilmişdir. Statistik nəticələrə görə, 1946-1949-cu illər aralığında xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda və əsasən, şəhər ətrafındakı Nor-Areş, Zeytun, Nor Kilikiya massivlərində məskunlaşmışdır. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edilmişdir. Bəhs olunan qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə sözdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüləcəkdir . Qərarın 1-ci bəndinə əsasən 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulmuşdur. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsinə icazənin verilməsi bu qərarın 11-ci maddəsində nəzərdə tutulmuşdur. 100 min azərbaycanlının köçürülməsi məqsədinə çata bilməyən SSRİ hökuməti 1951-1955-ci illərdə daha 15 min azərbaycanlını köçürmək haqqında qərar qəbul etmişdir. 1948-1953-cü illərdə gerçəkləşdirilən bu deportasiya çeçenlərin, inquşların, balkarların, qaraçayların və digər xalqların Qazaxıstana və Mərkəzi Asiyaya deportasiyası ilə eyni səviyyəyə malik olmuşdur. 1953-cü ildə İ.Stalinin ölüməsi, xaricdə yaşayan ermənilərin Ermənistana köçməkdən imtina etməsi bu prosesi zəiflətmişdir. Sözügedən deportasiyaya ilk dəfə hüquqi qiymət 18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider  Heydər Əliyev tərəfindən verilmişdir. Ümummilli liderin imzaladığı fərmana əsasən, azərbaycanlılara qarşı törədilmiş cinayətləri tədqiq etmək, bu tarixi cinayətə hüquqi qiymət vermək və eyni zamanda, deportasiyanı dünya arenasına çatdırmaq üçün komissiya yaradılmışdır.

tərcüməçi

Əhmədov Həsən