Bu günədək zəmilərdən 1087507 ton taxıl yığılıb – operativ məlumat

Respublikada taxıl biçini davam edir.

 Kənd Təsərrüfatı Nazirliyində biçinin mütəşəkkil təşkilinə dair yaradılmış Operativ Qərargahın məlumatına görə, ölkə üzrə payızlıq əkin sahələrinin 35,6 faizində biçin başa çatıb, sahələrdən 1087507 ton məhsul yığılıb. Buğda sahələrinin 13,2 faizi, arpa sahələrinin isə 62,1 faizi biçilib.

Hazırda orta məhsuldarlıq buğda üzrə 35,3 faiz, arpa üzrə isə 32,2 faiz təşkil edir.

Biçin prosesində 1604 kombayn iştirak edir. Bunlardan 598 kombayn “Aqroservis” ASC-nin, 1006 kombayn isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad (127 ədəd), Şəki (120 ədəd), Ağsu (112 ədəd), Kürdəmir (86 ədəd) rayonlarında biçinə cəlb olunub.

2024-2025-ci təsərrüfat ilində əkilmiş 426623 hektar arpa sahəsinin 264861 hektarı biçilib, sahələrdən 852176 ton arpa yığılıb.

Artıq Neftçala, Lənkəran, Salyan, Yevlax, Bərdə rayonlarında arpa biçini tam yekunlaşıb. Ağdam, Ağdaş, Cəlilabad, Füzuli, Naftalan, Hacıqabul, Masallı, Saatlı, Sabirabad, Şuşa, Tərtər, Ucar və Zərdabda arpa biçini göstəricisi 90 faizdən çoxdur.

Hazırda respublikanın 51 rayonunda aktiv biçin aparılır. Biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.