S-400 - Kim qalib gələcək?

 

2017-ci ilin may ayında Türkiyə Rusiyadan ümumi dəyəri 2.5 milyard dollar olan S-400 hava hücümündan müdafiə(HHM) roket kompleksinin alınmasını rəsmiləşdirən sənədə imza atır. Bununla da beynəlxalq münasibətlərdə yeni konfrontasiyanın əsası qoyulur.

Bu gün, yəni 12 iyul tarixində səhər saatlarında S-400 HHM roket kompleksinin bir hissəsi 3 yükdaşıyan rus təyyarəsi vasitəsilə ilə Ankaranın şimal-qərbində yerləşən Murted hərbi hava bazasına gətirildi. Türkiyənin Müdafiə naziri Hulusi Akar Anadolu Xəbər Agentliyinə verdiyi müsahibədə S-400-lərin gətirilməsinin növbəti mərhələsinin yaxınlarda baş tutacağını açıqladı.

Yeni konfrontasiya ABŞ-ın bu "al-ver"ə qarşı kəskin mövqe bildirməsi və hətta Türkiyəni sanksiyalarla hədələməsi ilə başladı. İlkin mərhələdə şərti bildirişlərlə acıqlı olduğunu göstərən ABŞ bu ilin əvvəlindən Türkiyəyə S-400-lərlə bağlı müqaviləyə xitam verməsi üçün iyul ayına qədər vaxt verdi, əks təqdirdə ABŞ Türkiyəyə qarşı Amerikanın Düşmənlərinə qarşı Sanksiyalar vasitəsilə Qarşıdurma Aktından( "Countering America’s Adversaries through Sanctions Actə" və ya "CAATSA" - hərfi tərcümə, akt Rusiyadan hərbi təchizat alan ölkələrə qarşı istifadə olunur - R.İ.) dolayı çıxış edərək sayı 5-dən 12-dək ola bilən müxtəlif səviyyəli tədbirlər həyata keçirəcək .

Qeyd olunan tədbirlər sırasına viza verilməsinin dayandırılmasından tutmuş ABŞ maliyyə sistemi vasitəsilə tranzaksiyaların həyata keçirilməsinə qadağa qoyulmasına qədər, həmçinin Türkiyəni F-35 qırıcı təyyarələrinin istehsalı prosesindən kənarlaşdırmaq və s. məsələlər daxildir. Ancaq hələ ki sakitlik hökm sürməkdədir...

ABŞ tərəfi iddia edir ki, S-400 HHM roket sistemi NATO sistemləri ilə uyğunsuzluq təşkil etməklə bərabər Türkiyənin müdafiə şəbəkəsinə qoşularsa, rahatlıqla F-35 qırıcıları haqqında məlumatlar rusların əlinə keçə bilər. Bu ehtimal dünyanın ən böyük hərbi büdcəsinə malik dövlətini narahat etməkdədir. Ona görə də ABŞ Türkiyəyə S-400-lərdən 2 dəfə baha, ancaq daha az effektiv olan Patriot HHM kompleksini təklif edir.

Amma hər şey o qədər də asan deyil.

Türkiyə zamanında, daha doğrusu, Prezident Obamanın dövründə Patriotlar üçün ABŞ hökümətinə müraciət etmiş, lakin rədd cavabı almışdı. Və belə vəziyyətdə öz hava məkanını müdafiə etməli olan Türkiyə üzünü Rusiyaya tərəf çevirmişdir. Hal-hazırda da ölkənin gərgin bir regionda yerləşməsi və S-400-lərin məhz Suriya və İraqdan gələ biləcək potensial təhlükələrə qarşı istifadə ediləcəyi əsas arqumentlər sırasındadır.

Osakada keçirilən G20 zirvə toplantısında Trump'la görüşündən sonra mətbuata açıqlama verərkən R.T.Ərdoğan Trumpın hər hansısa sanksiya tətbiqi ilə bağlı niyyətli olmadığını bildirmişdi. Yəni Ərdoğan bu işi özbaşına deyil də, ABŞ-ın razılığı ilə həyata keçirir desək, yanılmarıq. Maraqlıdır ki, Trump da mətbuata açıqlamasında sanksiyalardan söz etməmişdir.

Siyasi proseslərin hansı gedişatla davam edəcəyi barədə gözləntilər və yaranmış qeyri-müəyyənlik investorlarda narahatlıq yaradır. Reuters agentliyinə istinadən S-400-lərin ilkin yerləşməsindən sonra lirə dollar qarşısında 1.6% dəyər itirərək 5.7780-ə bərabər olub.

Məqalənin başlığında qeyd etdiyim kimi S-400-lər hələ ki, Türkiyə torpaqlarındadır. Onların Türkiyənin hava məkanına inteqrasiyası isə artıq başqa mövzudur

 

Rafiq İbrahimov – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası