Avropa İttifaqı faydalı qazıntıların tədarükünü əlaqələndirəcək qurum yaratmaq istəyir
Avropa İttifaqı kritik əhəmiyyətə malik faydalı qazıntıların tədarükü və yığılmasını əlaqələndirəcək mərkəzi orqan yaratmağı planlaşdırır.
Avropa komissarı Stefan Sejurne bu barədə “Financial Times” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Avropa bu cür alətlərin yaradılmasında öz ərazisində dağ-mədən şirkətlərinə sərmayə yatıran, həmçinin digər ölkələrlə təchizat müqavilələri bağlayan ABŞ-dan geri qalır. Avropa komissarı qeyd edib ki, Birləşmiş Ştatlar bütün dünyada “kritik materialların ehtiyatlarını Avropadan öncə satın alır.
Nəşrin məlumatına əsasən, bu plan, ilk növbədə, 27 Avropa komissarı tərəfindən təsdiqlənməlidir. Təşəbbüs, həmçinin Avropa İttifaqının tədarükləri təmin etmək üçün Braziliya və Cənubi Afrika da daxil olmaqla müxtəlif ölkələrlə tərəfdaşlıq sazişləri bağlamasını nəzərdə tutur.//Azərtac

