COP31-in 2026-cı ilin noyabr ayında Türkiyədə keçirilməsi planlaşdırılır - Ərdoğan

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının (COP31) 31-ci sessiyasının 2026-cı ilin noyabrında Türkiyədə təşkil edilməsi nəzərdə tutulub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən G20 sammitinin sessiyalarından birində çıxışında bildirib.

Ərdoğan deyib ki, Avstraliya ilə COP31-in birgə təşkili ilə bağlı əldə olunan razılaşma dünyada konsensus platformalarının zəiflədiyi bir dövrdə xüsusi əhəmiyyət daşıyır.

 Türkiyə lideri sammit iştirakçılarına ölkənin enerji sektorunun inkişaf planlarından da bəhs edib. O bildirib ki, 2035-ci ilə qədər Türkiyənin günəş və külək enerjisi gücü dörd dəfə artırılacaq.

Prezident həmçinin BMT-nin dəstəyi ilə beynəlxalq səviyyədə həyata keçirilən Türkiyənin Sıfır Tullantı təşəbbüsünün əhəmiyyətinə diqqət çəkib.

Qeyd edək ki, daha əvvəl Türkiyə və Avstraliya COP31-in Antalyada keçirilməsi ilə bağlı razılığa gəlib.//Trend