Ombudsman Aparatında Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub
Ombudsman Aparatının təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva gəncləri təbrik edərək, onların ölkənin gələcəyinin formalaşmasında aparıcı rol oynadığını vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə təsis etdiyi bu əlamətdar günün gənclərə göstərilən dövlət qayğısının və etimadın bariz nümunəsi olduğunu qeyd edərək, bu siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
S.Əliyeva çıxışında Azərbaycan gənclərinin dövlətçilik tariximizin həlledici məqamlarında hər zaman fədakarlıq nümayiş etdirdiyini diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılmış şanlı Zəfər zamanı gənclərimizin göstərdiyi qəhrəmanlıq və vətənpərvərlik ruhunun Azərbaycan gəncliyinin gücünü və məsuliyyətini bütün dünyaya nümayiş etdirdiyini bildirib.
Ombudsman Aparatının gənc əməkdaşları Vəli Quliyev və Həşim Güləmirov çıxış edərək gənclər üçün yaradılan imkanlardan, insan hüquqlarının müdafiəsi sahəsində gənclərin rolundan və Ombudsman Aparatında gənc kadrların fəal şəkildə təmsil olunmasından danışıblar.
Qurumda könüllü fəaliyyətə cəlb olunmuş gənc Fatimə Allahverdiyeva və Ombudsmanın xüsusi təqaüdünü qazanmış Bakı Dövlət Universitetinin tələbəsi Nuray Hüseynli isə gənclərə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin gənclərin hüquqi biliklərinin artırılmasına və ictimai fəallığının yüksəldilməsinə töhfə verdiyini qeyd ediblər.
Daha sonra Azərbaycan Gəncləri Günü münasibətilə ombudsmanın müraciəti səsləndirilib, videoçarx nümayiş olunub.

