İran nüvə proqramı üzrə bütün limitləri aradan qaldırıb

İran Prezidenti Həsən Ruhani 2015-ci ildə Qərb dövlətləri ilə imzalanmış nüvə sazişinin üçüncü addımı kimi nəzərdə tutulan nüvə tədqiqatları və uranın zənginləşdirilməsinə dair bütün limitlərin aradan qaldırılması göstərişini verib.

 Ruhani İranın dövlət televiziyasında çıxışında deyib: “Mən üçüncü addımla bağlı bəyanat vermək istəyirdim ki, ABŞ İran İnqilab Keşikçiləri Qvardiyasının gəmilər şəbəkəsinə qarşı sanksiya tətbiq etdiyini elan etdi. Bundan sonra İranın Atom Enerjisi Agentliyinə göstəriş verildi ki, dərhal nüvə tədqiqatları və uranın zənginləşdirilməsinə dair bütün limitləri aradan qaldırsınlar və götürülən öhdəliklərdən imtina etsinlər”.

Ekspertlər bildirirlər ki, İran Prezidentinin bu bəyanatından sonra Tehran uranın zənginləşdirilməsi fəaliyyətini heç bir məhdudiyyət olmadan davam etdirəcək. Məlum olduğu kimi, iyulda bu məsələ üzrə iki öhdəlikdən imtina olunmuşdu. İran Avropa ölkələrinin INSTEX banklararası mexanizmini istifadəyə verməsinə rəğmən Birgə Fəaliyyət Planında nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsini azaltmışdı. Belə ki, iyulun 7-dən başlayaraq, ikinci mərhələ çərçivəsində uranın 300 kiloqramdan çox və ya 3,67 faizdən artıq zənginləşdirilməməsi şərtindən imtina edilmiş və Arakda nüvə reaktorunun modernləşdirilməsi üzrə ilkin plana start verilmişdi. Bu isə, Qərb mənbələrinin məlumatına görə, plutonium silahının istehsal olunmasına potensial şərait yaradır.

Həsən Ruhaninin son bəyanatı onun Avropa ölkələrini İranla bağlı iqtisadi öhdəliklərə əməl etməməkdə ittihamından sonra verilib. O qeyd edib: “İranın saziş üzrə üçüncü addımı olduqca mühümdür. Görünür ki, Avropa ilə bu gün və ya sabah razılığa gəlmək mümkün olmayacaq. Onlar bizim nə istədiyimizi, biz də onların niyyətini bilirik”.

İran öz xam neftinin dünya bazarlarında maneəsiz satılmasına imkan yaradılmasını tələb edir. ABŞ isə sanksiyaları daha da sərtləşdirib və İran tankerlərinin onları pozması barədə məlumat verənlərə 15 milyon dollar mükafat vəd edib.

Nüvə proqramı üzrə Birgə Fəaliyyət Planı 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa) və Almaniya arasında imzalanıb. Sənəd Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində BMT, ABŞ və Avropa İttifaqının sanksiyalarının ləğvini nəzərdə tuturdu. Lakin ABŞ Prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun bu sazişdən çıxdığını bəyan edib.