Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə Tehran arasında müzakirələr başlayıb

Tehranda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) Baş direktoru vəzifəsini icra edən Kornel Ferutse bu gün Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, hər iki görüş bağlı qapılar arxasında keçirilib. Lakin görüşlərin mətbuata açıq hissəsində İran rəsmiləri vurğulayıblar ki, 2015-ci ildə imzalanan “Nüvə sazişi”ndə tərəflər razılıq əldə edib və üzərlərinə öhdəliklər götürüblər. İran öz üzərinə düşən öhdəliyi yerinə yetirərək nüvə tədqiqatlarını dayandırıb. Bu faktı BAEA dəfələrlə təsdiqləyib. Təşkilatın mütəxəssisləri İranın nüvə obyektlərinə buraxılıb və onlar monitorinq apararaq təqdim etdikləri hesabatda bəyan ediblər ki, rəsmi Tehran nüvə tədqiqatlarını dayandırıb. Bu isə odeməkdir ki, İran imzalanan saziş üzrə üzərinə düşən öhdəliyi yerinə yetirir. Lakin ABŞ saziş üzrə üzərinə düşən öhdəliyi nəinki yerinə yetirmədi, əksinə razılaşmaya görə aradan qaldırmalı olduğu iqtisadi sanksiyaları daha da artırdı. Sazişdə iştirak edən Avropa dövlətləri də öhdəliklərinə əməl etmədilər. Onlar ABŞ-ın təzyiqi altında qalaraq İrandan neft almaqdan imtina etdilər və maliyyə hesablaşması üçün sistem yaratmadılar. Bütü bunların müqabilində İran da üzərinə düşən öhdəliklərdən qismən imtina etməyə başladı.

K. Ferutse isə nəzərə çatdırıb ki, BAEA müstəqil beynəlxalq təşkilatdır və ona heç bir tərəf təzyiq göstərə bilməz. O vurğulayıb ki, agentlik İranda öz işini davam etdirmək istəyir. Bundan sonra danışıqlar mətbuata qapalı şəraitdə davam etdirilib.

Nəzərə çatdıraq ki, rəsmi Tehran nüvə proqramını bərpa etdiyini bəyan etdikdən dərhal sonra K.Ferutsenin Tehrana səfərə hazırlaşması təsadüfi xarakter daşımır.

İran və Qərb mətbuatında dərc olunan materialların təhlili göstərir ki, həm ABŞ, həm də Avropa dövlətləri İranın nüvə proqramını bərpa etməsindən narahat olublar. Buna görə də İranı danışıqlara razı salmaq üçün beynəlxalq agentliyin rəhbərini Tehrana göndəriblər. Bununla Qərb dövlətləri İranın nüvə proqramını bərpa etdiyinə əmin olmaq istəyirlər. Əgər proqram doğurdan da bərpa olunubsa onda yaxın zamanda Qərbin cavab addımının şahidi olacağıq. Əgər proqram bərpa olunmayıbsa onda BAEA rəhbəri Tehranı danışıqlara yenidən başlamağın zəruriliyinə inandırmalıdır.

Hələlik görüşlər davam edir. Danışıqların nəticəsi haqqında keçiriləcək mətbuat konfransında məlumat veriləcək. 

Rabil Kətanov