49 İLİN İŞIĞI

Azər Şükürov,  Moskva Dağ-Mədən institutunun məzunu,  "Yer və İnsan" jurnalının təsisçisi

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın iqtisadi, sosial və mənəvi həyatında tarixi bir mərhələ başlandı. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə ölkəmizdə yeni ictimai-siyasi ab-hava, yüksək sosial-iqtisadi inkişaf, sabaha böyük inam yarandı. 1969-cu ildən Heydər Əliyev tərəfindən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılmasına, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsinə, xalqın rifahının yüksəldilməsi prosesinə start verildi. Böyük siyasət adamının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparıldı, sənayenin bütün sahələrində inkişafa nail olundu, yeni sənaye sahələri yaradıldı, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələndi.
Azərbaycanda 1969-cu ildən başlayaraq geniş vüsət alan sənayeləşmə siyasətinin müəllifi ümummilli lider Heydər Əliyev idi. Həmin illərdə ölkə sənayesinə investisiyalar artırıldı, böyük sənaye mərkəzləri istifadəyə verildi, sənaye kadrlarının yetişdirilməsi üçün ardıcıl tədbirlər görüldü. Ulu öndər azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Ulu öndər Heydər Əliyevin sonralar bəyan etdiyi kimi, kvotanın artırılması heç də asan başa gəlməyib, SSRİ rəhbərliyi ilə aparılan gərgin danışıqlar nəticəsində mümkün olurdu. Müqayisə üçün bildirək ki, digər müttəfiq respublikalar üçün 100-150-dən artıq limit verilmirdi. 17-18 yaşında gənc üçün Moskva və Sank-Peterburqun, eləcə də digər şəhərlərin qabaqcıl ali məktəblərinə qəbul olmaları rus dilini bilməmələri üzündən xeyli çətin idi. Lakin böyük Heydər Əliyev özünəməxsus uzaqgörənliklə bu problemin də həllinə nail olmuşdu. Belə ki, həmin ali məktəblərə daxil olmaq istəyənlər öz ana dillərində imtahan verir, sonra isə təhsil almağa yola düşürdülər. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdi.
Böyük məmnuniyyət hissi ilə bildirirəm ki, ümummilli liderin azərbaycanlı gənclər üçün yaratdığı bu unikal şansdan bəhrələnənlərdən biri də mən idim. Azərbaycanın ucqar Laçın bölgəsindən olan bir gənc Moskva Dağ-Mədən İnstitutuna daxil olmuşdum.
Seçimimə təsir edən ən böyük amil isə Azərbaycanın dağ-mədən sənayesinin böyük tarixi və nəhəng perspektivi səbəb olmuşdu. Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ - mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif  öyrənilmişdir. XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar. Sonradan Daşkəsən dəmir filizi və Zəylik alunit yatağının istismara cəlb edilməsi ilə Azərbacanda dağ-mədən sənayesinin əsası qoyulmuş oldu. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır.
Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Təxminən 50-ci illərdən başlayaraq Azərbaycanın əlvan metal yataqlarının istifadə olunmasına ciddi fikir verilib və bu sahədə bir çox kəşfiyyat işləri aparılıbdır. Bu kəşfiyyat işləri Azərbaycanın bir sıra bölgələrində əlvan metallardan qızıl, gümüş və mis yataqlarının mövcud olduğunu aşkar edibdir. Təəssüflər olsun ki, bu yataqlar kəşf ediləndən sonra bunların istifadə olunması barəsində uzun müddət lazımi tədbirlər görülməyibdir. Bu, keçmişin səhvləridir. Ola bilər, Azərbaycanın iqtisadiyyatının başqa sahələrində çox imkanlar olduğuna görə keçmiş zamanlarda bu sahələrə lazımi diqqət yetirilməyibdir”.
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycanın zəngin mineral–xammal bazasında kifayət qədər sabit tutumlu dağ–mədən kompleksi yaradıldı.
Mineral ehtiyatların mənimsənilməsi ölkənin uğurlu inkişafı üçün vacib şərtlərdəndir. Gədəbəy, Daşkəsən kimi yüksək dağlıq rayonların sosial rifahının artırılması üçünsə mahiyyət etibarilə yeganə mümkün yoldur. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə isə dağ-mədən sənayesində canlanma duyulmağa başladı. Azərbaycanın bütün təbii sərvətlərinin müəyyən olunması və onların istifadəyə cəlb edilməsi prosesinə başlandı. Xarici şirkətlər Azərbaycanın qızıl, gümüş və mis yataqlarına maraq göstərdilər. 20 avqust 1997-ci ildə “Azərqızıl” Dövlət Şirkəti ilə Amerikanın “P.V.İnvestment” Qrup Servisi Ltd” şikəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Pyəz başı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında imzalanmış müqavilə bu baxımdan əlamətdardır. Bu müqavilənin əhəmiyyətini Heydər Əliyev belə şərh edirdi: “Biz Allahın, taleyin Azərbaycan xalqına bəxş etdiyi bu sərvətləri indi məhz xalqın rifah halını yaxşılaşdırmaq, xalqa təqdim etmək üçün işə başlayırıq. Bu, tarixi hadisədir. Bu gün iftixar hissi ilə deyə bilərik ki, bu tarixi addımı məhz indi, müstəqil Azərbaycanda biz atırıq. Biz Azərbaycanın gələcək nəsilləri üçün böyük töhfə veririk. Bu, XXI əsrə böyük bir töhfədir. Mən şübhə etmirəm ki, bu yataqlar işlənən zaman Azərbaycanın yeraltı sərvətlərinin daha da çox olduğunu müşahidə edəcəyik”.
2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sənayenin yeni inkişaf dövrü başlandı. Bu dövrdə neft-qaz sektorundan əldə edilən gəlirlərin bir hissəsi sənayenin müxtəlif sahələrinin, o cümlədən də dağ-mədən sənayesinin inkişafına yönəldildi. Çünki dağ-mədən sənayesi iqtisadiyyatın böyük bir seqmentini əhatə edir. Bu sahə sərmayədarları, podratçıları, tədarükçüləri, servis şirkətlərini, yerli əhalini, istehsalın toxunduğu bütün yaşayış məskənlərini, tədqiqat mərkəzlərini və istehlakçıları əhatə edir. Həlledici nizamlayıcı rolunu isə hasilatla məşğul olan şirkətlərin iqtisadiyyata töhfəsini maksimallaşdırmağa çalışan dövlət oynayır. Mineral və metalların hasilatı və emalı tarixi bəşəriyyətin inkişaf tarixi qədər qədimdir. Müasir dövrdə isə əhalinin say artımı, urbanizasiya, sosial və iqtisadi inkişaf mineral və metallara olan tələbatın artmasına təsir göstərir.
Azərbaycan Respublikasının iqtisadi potensialının yüksəldilməsi onun ərazisində kəşfiyyatı başa çatdırılmış müxtəlif faydalı qazıntı yataqlarının   resurslarından səmərəli istifadə olunması, dağ-mədən və emal sənayesi sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri burada dağ-mədən sənayəsinin inkişaf etdirilməsinə, ölkənin dağ-mədən sənaye məhsulları və xammalla təminatı, həmçinin dünya bazarına ixracat üçün geniş imkanlar yaradır. Hazırda Azərbaycanın mövcud imkanları onu yüksək dərəcədə inkişaf etmiş dağ-mədən sənayesinə malik olan bir ölkəyə çevirməyə imkan verir. Bütün bu məsələlər Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir və bu istiqamətdə dövlət başçısının 23 aprel 2013-cü il tarixli “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin, 08 may 2014-cü il tarixli “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-ninvə 11 fevral 2015-ci il tarixli “AzərGold” QSC-nin yaradılması haqqında sərəncamları, 2006-cı il dekabr ayının 30-da Azərbaycan Respublikası Hökuməti ilə “Londeks Resorsiz S.A. ”, “Uill ənd Meyris S.A. ”, “Farqeyt Mayninq Korporeyşn ”, “Qlobeks İnternəşnl LLP ” və “Mitsui Mineral Development Enceniring Ko. Ltd ” arasında “Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında ” Saziş imzalanması olduqca təqdirəlayiqdir. 

 

"Yer və İnsan" jurnalı

İYUL-AVQUST/2018