SUMQAYIT ŞƏHƏRİNİN FORMALAŞMASININ İQTİSADİ-TARİXİ ASPEKTLƏRİ (1949-CU İLƏDƏK OLAN DÖVR)

ŞƏFA ƏLİYEV, İqtisad elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin   “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru

Sumqayıt şəhərinin yaranması və formalaşması ilə bağlı hadisələrin, məlumatların sistemləşdirilməsi və təhlili müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Belə ki, artıq Sumqayıt təkcə Azərbaycanda və yaxud regionda yox, eyni zamanda, dünya səviyyəsində tanınmağa başlanmış, yüksək potensiala və inkişaf perspektivlərinə malik şəhər kimi qəbul olunmuşdur. Bu halda, şəhərin tarixinin diqqətlə öyrənilməsi, araşdırılması və dəqiq elmi dəlillərə söykənmiş formada yazılması strateji əhəmiyyət kəsb edir. Ümid edirik ki, Sumqayıt şəhərinin 70 illiyinin yüksək səviyyədə keçirilməsinə strateji yanaşmalar bu kimi problemlərin fundamental şəkildə araşdırılmasına, tədqiqinə əsaslı təkan verəcəkdir. Hər bir sumqayıtlının, ölkə vətəndaşlarının, bütün dünya azərbaycanlılarının tam şəkildə rəğbətini və etimadını qazanmış, müasir Azərbaycanın, o cümlədən, Sumqayıtın dünya səviyyəsində inkişafı üçün var qüvvə ilə çalışan, ümummilli liderimiz Heydər Əliyevin la­yiqli varisi və davamçısı ölkə Prezidenti İlham Əliyevin 2019-cu ilin 14 fevral tarixli “Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı strateji sosial-iqtisadi və siyasi əhəmiyyətə malikdir. Bu Sərəncamla Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi üçün müvafiq tapşırıqlar verilmişdir [1].
Şəhər tarixi kimi heç də uzun bir dövr hesab olunmayan 70 il ərzində belə bir səviyyədə inkişaf yolu keçmək, əksər şəhərlərə nəsib olmur. Təsadüfi deyildir ki, 1993-cü ilin dekabrın 28-də Sumqayıtda Tarix Muzeyində olarkən ulu öndər Heydər Əliyev bildirmişdir ki, “Sumqayıt - bütün Azərbaycanın gözəl təcəssümüdür” [2]. Bu amillər baxımından, Sumqayıt şəhərinin tarixi-iqtisadi aspektlərinə, şəhərin tarixi aspektdən formalaşması proseslərinə maksimum obyektiv yanaşmaların təmin olunması və tarixi reallıqların təhrif edilmədən ortaya çıxarılması, bu proseslərdə mühüm məqamlarım əks etdirillməsi vacib şərtlərdəndir. Qeyd etmək lazımdır ki, bu istiqamətlərdə kifayət qədər mənbələr və məlumatlar vardır, amma, etiraf etmək daha düzgün olardı ki, bu mənbələrin əksəriyyətinin elmi arqumentləri və dəlilləri tədqiq olunmadığından, Sumqayıtın yaranması, formalaşması, Sumqayıtın adı ilə bağlı toponimlər, etimoloji mənalar daha çox əfsanə xarakterli materiallarda, ədəbi-bədii mənbələrdə, səyyahların qeydlərində, müxtəlif xatirələrdə və məlumatlarda verilmiş və şərh olunmuşdur.
Dünya səviyyəsində mövcud şəhərlərin əksəriyyətinin adları həmin şəhərlərin yarandığı və inkişaf etdiyi ərazilərdəki yer, çay, müxtəlif obyektlərin adları və toponimlərlə bağlıdır. Sumqayıt da bu sırada istisna təşkil etmir, belə ki, Sumqayıtın şəhər kimi formalaşmasından xeyli əvvəl burada Sumqayıt adlı yaşayış məskəni, çay, dəniz fənəri və dəmir yol stansiyası olmuşdur. Müxtəlif ədəbi mənbələrdə Sumqayıt toponiminin bir qrup variantları - Sumqayıt, Suqayıt, Suqait və s. daha çox yer almışdır. Məsələn, rus səyyahı İvan Berezin xalq etimologiyası əsasında apardığı araşdırmalardan sonra, öz qeydlərində bunları yazır: Sumqayıtın yaxınlığında çay axır, Sumqayıt və ya Suqayıt hansı ki, türk dilində “Su qayıt” mənasını bildirir. Şəhərə ona görə belə bir ad verilib ki, guya çayın suyu istidə quruyur, yağışdan sonra əmələ gəlirdi [3]. İvan Berezin 1850-ci ildə nəşr etdirdiyi “Dağıstan və Zaqafqaziya üzrə səyahət” kitabında Sumqayıtçay haqqında bu fikirləri yazmışdır: “Bəzən bu çaya Suqayıt deyərdilər...” [4]. Başqa bir mənbədə - ingilis səyyahı Xristofor Berrou öz qeydlərində Sumqayıtın adını və “Sumqayıtçay”ın üzərində taxta körpünün olduğunu göstərmişdir. Digər bir səyyah - alman İ.Lerx XVIII əsrin 30-cu illərində Sumqayıtın yerləşdiyi hazırkı ərazidə axan çayın olduğunu və onun üzrərində daş körpünün mövcudluğunu bildirmişdir [5]. Tədqiqatçılar - E.Paxomov və N.Melə görə isə, bu tikililər, o cümlədən daş körpülər orta əsrlərə deyil, daha uzaq keçmişə aiddir [6]. Azərbaycanlı etnoqraf Əli Hüseynzadə özünün “Abşeron yarımadasının etnik toponomiyaları haqqında: Corat, Saray, Sumqayıt” adlı məqaləsində qeyd etmişdir ki, Abşeron yarımadasında Sumqayıt adında 4 obyektin adı vardır: çay, mayak, poçt məntəqəsi və dəmiryolu stansiyası. Bundan əlavə, bir çox mənbələrdə hələ eramızdan əvvəl VII əsrdə Sumqayıtın ərazisində Midiya tayfalarının yaşadıqları məlum olmuşdur [7].
Hazırda Sumqayıt şəhərinin İcra Hakimiyyətinin yerləşdiyi bina üçün vaxtilə bünövrə qazılarkən, burada qədim saxsı məmulatlar, qablar, sikkələr tapılmışdır və bütün bunlar həmin ərazidə qədim şəhərciyin olmasına dəlalət etmişdir [8]. Bu məlumatlarla yanaşı, bizim eradan əvvəl Böyük İpək yolu marşrutu ilə bağlı mənbələrdə Sumqayıtın ərazisi ilə əlaqəli məlumatlar da diqqət çəkir. Belə ki, e.ə. II əsrdən başlayaraq, Çinin Sinan şəhərindən Şərq ölkələrinin ərazisindən keçən Böyük İpək Yolu marşrutu üzrə bir istiqamətin Xəzər dənizinə yaxın olan Sumqayıtın ərazisindən keçdiyi göstərilir və bu məlumatlar XIV- XV əsrlərə təsadüf edir. Tayfa adları ilə bağlılığa gəlincə isə, Sumqayıtın adı bir sıra mənbələrdə qədim türk tayfası olan “suqa” və ya “sunqa”ların adları ilə bağlılığına dair iddialar vardır [9]. Orta əsrlərdə Sumqayıt çayı boyunca yerləşmiş iki karvan sarayının təsviri də diqqət çəkir. Aparılmış arxeoloji axtarışlar zamanı bu ərazidən uçurulmuş körpü qalıqları aşkarlanmış və karvan saraylarının XVI-XVII əsrlərə aid olduğu müəyyənləşdirilmişdir. Dünyaca məşhur olan fransız yazıçı Aleksandr Dümanın səyahət qeydlərində Sumqayıtla bağlı məlumatlar vardır. 1858-ci ildə A.Dümanın Qafqaza səyahəti zamanı qeydlərində Şah Abbasın dənizdən iki kilometr məsafədə tikdirdiyi karvansara haqqında məlumat yer almışdır. Bu qeydlərdə Sumqayıt poçt stansiyasının adı da çəkilir. Maraqlıdır ki, şəhər sakinləri arasında aparılmış intel­lektual sorğu nəticəsində şəhər sakinləri “Sumqayıt” toponiminin yaranmasında əsasən 3 versiya üzərində dayanmışlar və bunlara “Sum qayıt” əfsanəsi, tayfa adı və Sumqayıt çay mənşəyi ilə bağlı olmalarını bildirmişlər. Sumqayıtın öz adını həmin ərazidə keçən çayın adından və əhali yaşıyan məntəqədən götürülməsi fikirlərinə daha çox istinadlar və əsaslandırmalar diqqət çəkir. Sumqayıt şəhərinin dayaz çöl çayı kimi adı hallanan Sumqayıtçayın adını daşıması ehtimalı daha çox nəzərə çarpır [10]. Sumqayıt adının formalaşması və yaranması ilə bağlı mülahizələrdə Sumqayıt və Ceyranbatan gölü əfsanələri də geniş yer tutur və bunlarla bağlı çoxlu sayda versiyalar, fikirlər vardır [11].
Qədim əfsanədə göstərilir ki, Sum adlı igid bir oğlan və Ceyran adlı gözəl bir qız bir-birlərini dərin məhəbbətlə sevirmişlər, həm də öz aralarında ölənədək sadiq qalmaq haqqında əhd-peyman bağlayıblarmış. Bu gənclərin yaşadığı tayfa onların məskun saldığı yerin ətrafından axan bir çaydan su təchizatını təmin edirlərmiş və nağıllarda olduğu kimi, burada da bir əjdaha hər dəfə su üçün qurban tələb edirmiş. İgidliyi ilə hamıdan fərqlənən Sum tayfa başçısına əjdaha ilə mübarizə aparmağın və onun üzərinə getməyin vacib olduğunu deyir, amma tayfa başçısı onu ciddiyə qəbul etmir, əjdaha ilə bacarmağın mümkünsüzlüyini bildirir. Bir gün növbə Sum ilə Ceyranın ailəsinə çatır və belə olduğu halda Sum bildirir ki: “Mən qurban gedəcəyəm”. Qarşılıqlığında isə Ceyran Suma ciddi etirazla: “Xeyr, mən gedəcəyəm, səndən sonra onsuz da mən yaşaya bilmərəm”. Sum nə qədər cəhd göstərsə də, Ceyran təkidindən dönmür və belə olduğu təqdirdə Sum onu aldadaraq, gecə vaxtı Ceyran yuxuya daldıqdan sonra əjdaha ilə döyüşə gedir. Ceyran yuxudan duranda hər şeyi anlayır və var gücü ilə sevgilisini haraylamağa başlayır: “Sum, qayıt!.. Əjdahanın meydanına özüm gedəcəyəm. Sum, qayıt!..” Lakin, Sumdan səs gəlmir və Ceyran çaya doğru qaçır və görür ki, çayın üzü qana boyanıb və anlayır ki, artıq əjdaha Sumu parçalayıbdır. Hadisə yerinə çatanda Ceyran görür ki, Sum əsl igid kimi vuruşaraq əjdahını öldürə bilib, amma özü də al qan içində həyatını itirib. Bundan dəhşətə gələn və havalanan Ceyran yenidən qışqırmağa başlayıb: “Hardasan, Sum? Sum, qayıt!”. Amma, yavaş-yavaş Ceyran taqətdən düşür və Sumu axtararkən düşdüyü bir bataqlıqda boğulur. Ceyran son nəfəsində də: “Sum, qayıt! Sum, qayıt!” - deyə haray çəkir. Sevgililərin hər ikisinin ölümündən sonra burada yaşayan tayfa üzvləri yaşadıqları ərazini Ceyranın Sumu çağırdığı kimi “Sumqayıt” və Ceyranın özünün boğulub öldüyü yeri isə “Ceyranbatan” gölü adlandırırlar [12]. Açığını deyək ki, bu qəbildən olan əfsanənin müxtəlif versiyaları da vardır. [13]. Hesab edirik ki, Sumqayıtın adı ilə bağlı hər bir versiyanın qəbul olunmaq ehtimalı və mülahizəsi vardır, amma bu kimi məsələlərdə daha çox fundamental elmi araşdırmalar nöqtə qoysa, həqiqəti aşkarlasa, sübut etsə, elmi arqumentlərlə əsaslandırsa daha obyektivlik olardı. Başqa bir əfsanədə də qeyd olunur ki, Sumqayıtın yerləşdiyi ərazidən keçən karvan üzvləri arasında Sum və Ceyran adlı sevgililər də yer almışlar. Bu karvanın su ehtiyatı tamamilə qurtarmış və Ceyran susuz­luqdan son dərəcə əziyyət çəkirmiş, taqətsiz hala düşmüşümüş, buna baxmayaraq Sum üçün fəlakətdən ehtiyatlanaraq Ceyran bunu sevgilisindən - Sumdan gizlətmişimiş. Amma, Sum bundan xəbər tutur və özünü təhlükəyə ataraq su dalınca yollanır. Bunu bilən Ceyran haray salır: “Sum, qayıt!”, “Sum, qayıt!”. Ceyran nə qədər çığırsa və gözləsə də, Sumdan xəbər çıxmır və o qayıtmır. Məhz buradan da həmin yerin “Sum-qayıt” adlandırıldığı bildirilir [14]. Sumqayıtın əsrlər boyu karvan yolu üzərində yerləşən yaşayış məntəqəsi olması fikirləri daha çox diqqət çəkir. Professor Ramazan Məmmədov və Sumqayıt tarixinin bilicilərindən olan publisist, Azərbaycanın əməkdar jurnalisti Eyruz Məmmədov da Sumqayıtı əfsanələr şəhəri adlandırmışlar və onlar bunu xalq arasında geniş yayılmış “Su qayıt” əfsanəsi ilə daha çox ehtimal olunmasını, yəni bu yerin coğrafi mühüt ilə əlaqəli olmasını bildirmişlər [15, s.10].
Sumqayıtın yaranması və Sumqayıt adının formalaşması, mənşəyi ilə bağlı fikir və mülahizələr və Sumqayıt haqqında uzun illər ərzində davamlı, fundamental elmi araşdırmalar aparan professorlar Həsən Sadıqov və Ramazan Məmmədov qeyd edirlər ki, çoxəsirlik tərəqqilər və tənəzzüllər tarixi olan bu ulu xalqın Azərbaycan adlanan diyarı əfsanələrlə zəngindir. Belə əfsanələrdən bir neçəsi də ağsaçlı mavi Xəzərin sahilində, Abşeron yarımadasında, Bakının yaxınlığında yerləşən yeni şəhərin salındığı ərazinin adı ilə - Sumqayıt sözünün etimologiyası ilə bağlıdır [16, s.19]. Burada da görkəmli tədqiqatçı-alimlərimizin, əvvəldə haqqında bəhs etdiymiz “Su qayıt”, “Sum qayıt”, yaxud el arasında adlandırılıdığı kimi “Sum və Ceyran” əfsanələrindən irəli gələn mülahizələri yer almışdır. Müəlliflər qeyd edirlər ki, əfsanələrin adları ilə şəhərimizin adını tutuşdurduqda “Sum və Ceyran” əfsanəsi ilə şəhərimizin adı arasında linqivistik (dilşünaslıq) baxımından daha çox uyğunluq olduğu görünür. Amma, ölkəmizdə yayılmış şəxs adları arasında Sum adına təsadüf olunmaması faktı əfsanənin dəyərini bir qədər aşağı salır [16, s.22]. Sumqayıtın ilk qurucularından olan, görkəmli dövlət xadimi Kamran Hüseynov özünün avtobioqrafik memuarında bunlarla baglı, fikrimizcə çox maraqlı yanaşmanın müəllifi kimi diqqət çəkir və o, bunları yazmışdır: “Pirəkəşkül tərəfdən Sumqayıta doğru gəldikdə isə ona “Sumqayıt çayı” deyirdilər. Bu çay o qədər sulu deyil. Bəzən yaz ağzı dağlardan əriyən qarların, payız yağışlarının nəticəsində onun suyu bir qədər çox olur, bəzən də demək olar ki, tamam quruyur. Xəzərin möhkəm küləkli vaxtında elə olur ki, dənizin suyu Sumqayıt çayının yatağı ilə geri qayıdır. Coratlılar buna “su qayıtdı” deyirlər. Mənim zənnimcə, çayın adı bu sözlərdəndir... Son zamanlar isə “Sumqayıt” sözünün etimologiyası haqqında o qədər də ağlabatmayan bir rəvayət yayılıb. Guya Sum adlı bir oğlan, Ceyran adlı bir qız olub. Onların görüşməsi və sevişməsi əsasında Sumqayıt adı meydana gəlib. Sonra dəyişikliyə uğrayaraq “Sumqayıt” şəklinə düşüb. Mən isə özlüyümdə coratlıların işlətdiyi sözə inanıram... O “Sum”, “Ceyran” fikrini yaradan hörmətli müəlliflər məndən inciməsinlər. Bu məsələ ilə bir də kökündən maraqlansınlar [17, s.33-34].
Əlbəttə, bütün bunlar daha dərin elmi-fundamental araşdırmalar tələb edir və yaxşı olar ki, əvvəldə qeyd etdiymiz kimi, bu məsələləri tarixçi alimlərin öhdəsinə buraxaq, həm də fikrimizcə bu məsələlər mütləq şəkildə tədqiq olunmalı və elmi dəlillər əsasında yanaşmalar ortaya qoyulmalıdır. Digər tərəfdən, tarixçi alimlərin özləri arasında bu məsələlər üzrə yekdil bir fikir və yanaşma formalaşdırılmamışdır. “Sumqayıt şəhərinin tarixi” mövzusunda ilk tarix elmləri doktorluq dissertasiyasının müəllifi olmuş tarix elmləri doktoru Həmid Alıyev yazır: “Sumqayıt” sözünün hansı anlamı bildirməsi haqqında xalq arasında və elmi ədəbiyyatda İ.N.Berezin və R.Yüzbaşov kimi tanınmış alimlərin yer almış mövcud fikirləri nəzərdən keçirilib tərəfimizdən yüksək dəyərləndirilir, erməni müəllifi Ayro Sarkisov uydurulmuş və təəssüf ki, bizim bəzi yazarlarımız və mətbuatımız vasitəsilə geniş təbliğ edilən, hətta orta məktəb dərsliklərinə və müntəxəbatlara da daxil edilən, yerli toponimlərə zorla “uyğunlaşdırılmış” “Sum və Ceyran” əfsanəsi kimiləri isə rədd edilir... Bu əslində, həqiqətdən çox-çox uzaq bir erməni uydurmasıdır. Söhbət Sumqayıtın adının özgələşdirilməsindən getdiyindən, bu termin barədə bir neçə əsaslandırılmış söz demək məcburiyyətindəyik və bildiririk ki, burada işlədilən sözlərin hamısı türk mənşəlidir və onlar yalnız yerli-milli köklərə bağlıdır” [18, s.16-17]. Göründüyü kimi, Sumqayıt şəhərinin tarixi ilə bağlı fundamental araşdırma aparan tədqiqatçı alim H.A.Alıyevin gəldiyi nəticələrə əsasən, “Sumqayıt” termininin izahını dilimizə yovuşmayan başqa dillərdəki əyri-üyrü sözlərdə axtarmaqdansa, türk dilində çox aydın məna bildirən və özünü təbii-coğrafi-tarixi-geoloji baxımdan tam büruzə verən və təsdiqləyən, qışda bolsulu olan, yayda isə quruyan “su qayıt”dan əmələ gəldiyini söyləmək daha doğrudur. Fikrimizcə, bu məsələlərdə nöqtəni yenə tarixçilər qoymalıdırlar və əvvəllərdə bildirdiymiz kimi, Sumqayıtın adı və tarixi ilə bağlı məsələlərin, ziddiyyətlərin daha dərindən araşdırılmasının vaxtı çoxdan çatmışdır.
Qeyd edək ki, Abşeron yarımadasında neftin hasilatı ilə bağlı Azərbaycanda neft sənayesinin XIX əsrin 2-ci yarısından inkişafının intensivləşməsinə baxmayaraq, bu yarımadanın digər ərazilərində, o cümlədən Sumqayıt adlanan ərazidə həmin inkişaf proseslərinin uzunmüddət təsiri o qədər də hiss olunmamışdır. Belə ki, neft xammalının emalı ilə bağlı yaradılan müəssisələr də əsasən Bakı da yerləşirdilər. Sumqayıtın sonralar əsasən kimyaçılar və metallurqlar şəhəri kimi məşhurlaşmasına baxmayaraq, Sumqayıt şəhər statusu alana qədər burada həmin sənaye sahələri üzrə müəssisələrin tikintisinə yenicə başlanılmışdı. Azərbaycanda isə kimya və neftkimya sənayesinin təməlinin qoyuluşu XIX əsrin 60-70-ci illərinə təsadüf edir və bunlar bilavasitə neft emalı müəssisələrinin yaradılması ilə bağlı olmuşdur. Artıq, XIX əsrin sonlarında Bakı zavodlarında kükürd turşusu və kaustik soda istehsalı fəaliyyət göstərirdilər. Bunlarla bərabər, kükürd turşusu istehsalı ilə yanaşı Bakıda digər kimya müəssisələri, o cümlədən soda və natrium qələvisi istehsal olunan zavodlar var idi. XIX əsrin sonlarında, Bakı soda zavodları istehsal gücü və fəhlələrinin sayına görə Rusiyada ən iri müəssisələrdən idi. XX əsrin əvvəllərində isə, Bakıda azot və xlorid turşuları, kənd təsərrüfatı üçün lazım olan dəmir və mis kuporosu, sabunlaşdırma və toxuculuq fabrikləri üçün sabun surroqatı istehsal olunurdu [19]. Həmin dövrlərdə Sumqayıtın adı ilə bağlı fəaliyyətə rast gəlinmir və bu ərazilər, burada yaşayan insanlar, onların məşğuliyyəti haqqında məhdud məlumatlar mövcuddur. Azərbaycan SSRİ-nin tərkibinə işğal yolu ilə daxil edilməmişdən əvvəlki dövrdə Bakıda benzol və toluol zavodları da fəaliyyət göstərirdilər. Başqa sözlə, artıq kimya müəssisələri şəbəkəsi yaradılmışdı və vaxt gələcəkdi ki, kimya və neftkimya sənayesinin ağırlıq mərkəzi tamamilə yeni yaradılacaq Sumqayıt şəhərinin üzərinə düşəcəkdi və bütün bunlara irəlidə qayıdacağıq.
Bu yanaşma keçmiş ittifaqda digər salınması nəzərdə tutulan şəhərlər üçün də xarakterik olmuşdur, belə ki, yeni şəhərlərin təxminən 80 %-nin iri sənaye, nəqliyyat, ərazi-istehsal komplekslərinin olduğu yerlərdə, həmçinin energetika, daş kömür, nəqliyyat mərkəzlərinə yaxın ərazilərdə salınması nəzərdə tutulmuşdu. 1925-ci ilin dekabrında çağırılmış ÜİK(b)P-nin XIV qurultayının ölkənin sosialistcəsinə sənayeləşdirilməsi planında (dekabr 1925-ci il) və partiyanın XVII qurultayı (dekabr, 1934-cü il) tərəfindən qəbul edilmiş rəsmi sənədlərdə yaradılması nəzərdə tutulan yeni sənaye mərkəzləri və sosialist şəhərləri “ölkənin sənayeləşdirilməsi və sosializmin bünövrəsinin möhkəmləndirilməsində əsas rol” oynamalı idi [20]. Belə bir amillər nöqteyi-nəzərindən yaradılması qərara alınan sənaye mərkəzlərindən biri də Sumqayıt olmuşdur. Təbii-coğrafi ərazisinə və şəraitinə görə Sumqayıt Abşeron yarımadasının şimali-qərqində, Bakıdan 30-35 km. şimalda, Xəzər dənizi sahilində Sumqayıt çayının ətrafındakı düzənlikdə yerləşir. Sahəsi 83 kv.km. olan Sumqayıt Bakı-Rostov avtomobil yolunun üstündə olub, iqlimi subtropikdir. İllik orta temperatur burada 31 C0-dir. Yayda +36/37 selsii, yanvar ayında 24,9 C0-dir. İllik yağıntı 185 mm-dir. Bu yerlər üçün şimalı küləyi – xəzri və cənub küləyi – gilavar xarakterikdir [21]. Hazırda Sumqayıtın ərazisi 0,120 min kv.m, yaxud 12 min hektardan ibarətdir.
SSRİ-nin tərkibində olduğu dövrdə mərkəzin - Moskvanın fikri və məqsədi ancaq bütün vasitələrlə və üsullarla Bakı neftini daha çox çıxarmaq və onu mərkəzin maraqlarına uyğun şəkildə bölüşdürməkdən ibarət idi. Buna görə də, 1920-30-cu illərdə Moskva Azərbaycanın iqtisadi inkişafının planlaşdırılmasında əsasən neft sənayesinə kapital yönəltməyi vacib hesab edirdi və Azərbaycana yönəldilən vəsaitlərin 80 %-ə qədəri yalnız neft sənayesinin inkişafı üçün istifadə edilirdi. Mərkəzin planlarında neftlə bağlı emal sənayesi sahələrinin yaradılması o qədər də böyük yer tutmurdu və bu kimi məsələlər arxa plana atılırdı. Belə ki, Sovet iqtisadi sistemində Azərbaycan mərkəzin xammal və resurs bazası kimi düşünülürdü və qəbul olunurdu. Emal sahələrinin və məhsuldar iqtisadiyyat sektorlarının, o cümlədən neft emalı ilə bağlı müəssisələrin yaradılmasına yönəldilən təşəbbüslər müsbət qarşılanmırdı. Amma, 1930-cu illərdən başlayaraq vəziyyət bir qədər dəyişməyə başladı, həmin dövrdə məhz indiki Sumqayıtın ərazisində sənaye müəssisələrinin və elektrik enerjisi istehsalı ilə bağlı infrastrukturun yaradılması, müəssisələrin tikilməsi məsələləri gündəmə gəlməyə başlamışdı. Belə bir fikir yaranmışdı ki, Bakı şəhərinin ərazisindən iri istehsal sahələrinin çıxarılması, həmçinin kimya və metallurgiya müəssisələrinin yaradılması üçün münasib bir ərazi, infrastruktur yaradılması vacibdir. 1935-ci ildən etibarən bu istiqamətlərdə davamlı işlər aparılmışdır və Sumqayıt şəhərinin ərazisində bunlarla bağlı araşdırmalar, kəşfiyyat işləri həyata keçirilmişdir. Burada niyə görə Sumqayıtın seçilməsi məsələsi də maraq doğurur. Məlumdur ki, hər bir ərazinin və ya şəhərin, xüsusilə əsasən sənaye, iri müəssisələr yerləşəcək şəhərlərin planlaşdırılması, hazırlıq işlərinin görülməsi və zəruri tədbirlərin reallaşdırılması lazım gəlir. Dünya təcrübəsindən yanaşdıqda, bu sırada önəmli yerləri yol qovşaqları, o cümlədən su, hava, şosse, dəmir yolu qovşaqları, su və kanalizasiya sistemləri, enerji daşıyıcılarla təminat məsələləri, yəni elektrik enerjisi və təbii qazla təminat problemləri, iqtisadi inkişafın strateji subyektlərindən olan obyektlərin salınması, istismara verilməsi, müəssisələrin tikilməsi, maddi-texniki bazaların yaradılması, məhsuldar isteh­sal komplekslərinin formalaşdırılması, qurğular, zavod və fabriklər, xidmət sektorları və digər obyektlərin yaradılması vacib şərtlərdən idi. Bütün bu meyarlar həmin dövrdə daha çox Sumqayıtın yerləşdiyi ərazi ilə uzlaşırdı və fikrimizcə, bu amillər Sumqayıt şəhərinin formalaşmasında və inkişafında önəmli rol oynamışlar. Belə ki, şəhərin yerləşdiyi ərazi Bakı-Rostov və Bakı-Mahaçqala-Rostov avtomobil yollarının kənarında idi. Digər tərəfdən isə Xəzər dənizi boyunca yerləşən bu ərazi ekoloji-sanitar təminatı baxımından strateji əhəmiyyət kəsb edirdi. Həmin ərazidə sənaye komplekslərinin yaradılması və eyni zamanda yaşayış massivlərinin salınması, əhalinin yaşayışı, işləməsi, səmərəli fəaliyyət göstərməsi, bir sözlə sosial-iqtisadi inkişafın dinamik şəkildə təmin edilməsi üçün tələb olunan meyarlar və prinsiplər diqqət çəkirdi.
Belə bir şəraitdə Sumqayıtın yerləşdiyi ərazidə şəhərin salınması və sənaye sahələrinin inkişaf etdirilməsi planları var idi. Ümumittifaq Kommunistlər (bolşeviklər) partiyası və SSRİ Xalq Komissarları Sovetinin 16 may 1932-ci il tarixli qərarı ilə Cənubi Qafqazda alüminium zavodunun tikintisinin təmin edilməsi və həmin zavodun 1933-cü ildə tikintisinə başlanılması haqqında göstəriş qərar qəbul olundu. Burada eyni zamanda, mühüm və strateji məsələlərdən -məqsədlərdən biri də yeni tikiləcək sənaye müəssisələrinin enerji təminatı üçün enerji hasilatı probleminin həll edilməsindən ibarət idi. Bunlar nəzərə alınmaqla, 1935-ci ildə SSRİ Xalq Ağır Sənaye Komissarlığının azərbaycanlı mütəxəssislərin iştirakı ilə keçirilmiş kollegiya iclasında Abşeron yarımadasında sənaye müəssisələri və istilik-elektrik mərkəzi tikilməsi üçün yer seçilməsi barədə qərar qəbul edilir. Artıq 1934-cü ildə bu ərazidə istilik-elektrik stansiyasının tikintisi ilə bağlı hazırlıq işləri görülməyə və planlaşdırılmalar aparılmağa başlanılmışdı, bu məqsədlə SSRİ Ağır Sənaye Komissarlığından Bakıya xüsusi komissiyada gəlmişdi və bu komissiyanın başlıca vəzifəsi tikiləcək enerji istehsalı və kimya müəssisələri üçün daha münasib yerlərin seçilməsi idi. O dövrün digər məsələləri kimi belə strateji qərarlar yalnız Moskvada verilirdi və 1935-ci ildə Moskvada Ağır Sənaye Komissralığının kollegiya iclasında münasib ərazi olaraq, əvvəldə qeyd etdiymiz kimi, Sumqayıt stansiyasına yaxın olan ərazi seçildi. Burada kimya, qara və əlvan metallurgiya müəssisələrinin, həmçinin istilik-elektrik stansiyasının tikilməsi nəzərdə tutuldu. Lenin­qrad şəhərindən gələn layihəçilər Sumqayıt şəhərinin və onun sənaye müəssisələrinin salınması üçün müxtəlif variantlar üzərində iş apararaq bir neçə işçi variantları hazırlasalar da sonda sənaye rayonunun müəssisələrinin kompakt şəkildə yerləşdirilməsi və yeraltı kommunikasiya xətlərinin paralel çəkilməsi variantına üstünlük verilmişdir. Bununla da, Sumqayıtın yerləşdiyi ərazidə tikinti işlərinə start verildi. Həmin dövrdə mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri elektrik enerjisi istehsalının həll edilməsi idi və bu məqsədlə Sumqayıt istilik-elektrik stansiyasının 1936-cı ildə bünövrəsi qoyuldu. İqtisadiyyatın və ayrı-ayrı sənaye sahələrinin inkişafı üçün elektrik enejisinin istehsalı həlledici amil kəsb edirdi, buna görə də bütün çətinliklərə, sərt hava şəraitinə, material çatışmamazlığına, sosial-məişət şəraitinin adi tələblərinin ödənilmədiyi halda bu mühüm sənaye müəssisəsinin tikintisi üçün işləri başladı. Cəmisi 2 il ərzində - 1937-1938-ci illərdə istilik elektrik stansiyasının tikintisi ilə bağlı işlər əsasən həyata keçirilmişdir və tikintinin 1941-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Böyük həcmli tikinti işlərinin sürətlə aparılması və avadanlıqların gətirib çıxarılması hesabına 1941-ci il fev­ral ayının 13-də Azərbaycanda ilk istilik elektrik mərkəzi istismara verildi və elektrik cəriyanı alındı. Belə bir mühüm sənaye obyektinin işə salınması Sumqayıtın inkişafında təkanverici rol oynadı və sənaye müəssisələrinin elektrik enerjisi ilə təminatçısına çevrildi və uzunmüddət səmərəli fəaliyyət göstərdi. Bu mərkəzin istismara verilməsi ilə paralel olaraq, sosial obyektlər, o cümlədən uşaq baxçası, yeməkxana, doğum evi fəaliyyətə başlamışdı və bununla da Sumqayıtda sosial-iqtisadi inkişafın ilkin fazası formalaşmışdı. 1939-cu ildə əhalinin ümumittifaq siyahıya alınmasının nəticələrinə görə Sumqayıtda əhalinin sayı 6353 nəfər təşkil etmişdir [22].
Sumqayıt sənaye ərazi rayonun yeni sənaye obyekti kimi seçilməsinin mühüm əhəmiyyət kəsb etməsinin əsas səbəblərindən biri də bu ərazinin düzənlikdən ibarət olması idi. Bu düzənlik gələcəkdə yeni yaşayış massivinin salınmasına imkan verirdi. Bakı kimi iri sənaye şəhərinə yaxın olan yerdə belə bir sənaye mərkəzinin yaradılması paytaxdan buraya ixtisaslı mühəndis-texniki kadrların cəlb edilməsi, yeni salınacaq şəhərin əhalisini ərzaq və sənaye məhsulları ilə asan təchiz edilməsi işini də təmin edə bilərdi [23, s.58]. 1938-ci ildə Sumqayıta şəhər tipli qəsəbə statusunun verilməsi və onun yeni yaradılmış Sumqayıt ərazi və inzibati rayon mərkəzinə çevrilməsi ilə əlaqədar olaraq burada bir sıra müstəqil partiya və sovet təşkilatlarının – rayon partiya komitəsi, rayon icraiyyə komitəsi, rayon komsomol komitəsi, həmkalar ittifaqı; inzibati orqanların – prokurorluq, məhkəmə, milis və digər təşkilatların yaradılması ehtiyacını doğururdu. Həmin ildə Bakı şəhərinin tabeliyində olan Sumqayıt ərazi rayonun yaradılması ilə əlaqədar olaraq Sumqayıt kənd yaşayış məntəqəsinə qəsəbə statusu verilmişdi [23, s.66].
Məhz belə bir şəraitdə, Sumqayıt şəhərinin təməlinin qoyulması baş verdi, belə ki, 1939-cu ildə sənaye obyektlərinin inşa edilməsi ilə şəhərin təməli də qoyuldu. Bu məqsədlə, SSRİ-nin digər respublikalarından, ilk növbədə əsasən Rusiyadan, Azərbaycanın rayonlarından Sumqayıtın tikintisi üçün geniş şəkildə işçi qüvvəsi cəlb edilirdi və bütün bu işlər planlı şəkildə aparılırdı. Lakin, məlum tarixi səbəbdən - faşist Almaniyasının SSRİ-yə hücum etməsi ilə əlaqədar olaraq, Sumqayıtda həyata keçirilən işlərin və obyektlərin tikintisi dayandırıldı, yaxud bu işlər tamamilə məhdudulaşdırıldı. Həmin dövrdə tikintisi nəzərdə tutulan mühüm obyekltlər sırasında metallurgiya və neftkimya zavodları - “Boru-Prokat” və “Sintetik-Kauçuk” zavodları da var idi və hətta bu zavodların ilk özülləri qoyulmuşdu, bünövrəsi salınmışdı. Müharibə dövründə 1943-cü ildə İstilik-Elektrik Stansiyasının elektrik enerjisi hasilatı üzrə gücü 158 mln. kv/saat səviyyəsində idi və stansiya səmərəli şəkildə fəaliyyət göstərirdi. Bu müəssisələrin həmin dövrdə strateji sosial-iqtisadi əhəmiyyətini dərk etmək üçün belə bir tarixi fakta diqqəti yönəltmək məqsəduyğun olardı. Hitler Almaniyası hələ müharibə gedə-gedə yarımçıq sənaye müəssisələrinin başa çatdırılması planları hazırlamışdılar və hətta onun sərəncamı əsasında Sumqayıt “Sintetik-kauçuk” zavoduna direktor da təyin olunmuşdu. Bu dövrdə baş verən proseslərlə bağlı Kamran Hüseynov xatirələrində yazır: “Sumqayıtda tikilən zavodlar Ümumittifaq əhəmiyyəti kəsb etdiyindən böyük sürətlə tikilirdi. Zavodlar ən keyfiyyətli tikinti materialları və avadanlıqla təmin edilirdi. XVIII partiya qurultayının qərarlarından irəli gələn tələblərlə əlaqədar, Sintetik kauçuk, Boruyayma və Alüminium zavodları daha da sürətlə tikilməyə başladı. 1941-ci ilin iyun ayının 22-də səhər tezdən radio Almaniyanın sərhədi pozaraq, Qara dənizdən Baltik dənizinədək Sovet İttifaqına hücuma keçdiyini, ağır və çətin bir müharibənin başlandığını xəbər verdi... Dövlət Müdafiə Komitəsinin qərarı ilə 6 min nəfərədək adamın işlədiyi Sumqayıtda tikinti dayandırıldı” [24, s.42].
Qeyd edək ki, Böyük Vətən Müharibəsinin davam etməsinə baxmayaraq, 1944-cü ildən başlayaraq Sumqayıtda tikintisi yarımçıq qalmış sənaye müəssisələrində işlərin bərpasına, həmçinin burada quruculuq proseslərinə, sosial-iqtisadi infrastrukturun yaradılması proseslərinə yenidən start veril­di. Bu məqsədlə, Sumqayıtda 1944-cü ildə “Zaqafqaziya sənaye-inşaat” tresti yaradıldı və bu trestin strateji vəzifələri tikinti işlərini sürətləndirmək, sənaye müəssisələrini istismara hazırlamaq, eyni zamanda əhalinin yaşayışı üçün zəruri sosial-iqtisadi obyektlərin tikintisini təmin etmək, yaşayış massivlərini yaratmaqdan ibarət idi. Məhz bu dövrdə - 1945-ci ildə Sumqayıt şəhərinin ilk Baş planı hazırlanmış və 1948-ci ildə bu Planla yanaşı, sənaye zonasının planı da hazırlanmış və qəbul olunmuşdur. Böyük Vətən Müharibəsinin qurtarması ilə eyni tarixdə - 1945-ci ilin mayında Sumqayıtda ilk kimya müəssisəsinin - Kimya zavodunun istismara verilməsi baş tutmuşdur və burada kaustik soda məhsulunun istehsalına başlanılmışdır.
Həmin dövrdə üç iri sənaye müəssisəsinin - Boru-Prokat, Alüminium və Sintetik kauçuk zavodlarının inşası proseslərinin sürətləndirilməsi qərarı alındı. Amma, bunun üçün iqtisadi - sənaye potensialı artırılmalı və ilk növbədə enerji resursları bazası gücləndirilməli idi. Bu məqsədlə, 1946-1950-ci illərdə Sumqayıtda elektrik enerjisi hasilatı 3 dəfə artırılması təmin edilmişdir. Digər tərəfdən, Sumqayıtda tikinti-quruculuq işlərinin sürətləndirilməsi və sosial-iqtisadi inkişafın dinamik fazaya keçirilməsi üçün daha çevik və güclü potensiala malik tikinti təşkilatlarına ehtiyac var idi. 1947-1948-ci illərdə Sumqayıtda 1 №-li Tikinti Tresti formalaşdırılmış, eyni zamanda “Sintetik kauçuk” zavodunun tikintisini daha planlı şəkildə aparmaq üçün “Kauçuk tikinti” Tresti təşkil olunmuşdur. Bunlarla bərabər, həmin dövrdə müxtəlif fəaliyyət istiqamətləri üzrə tikinti təşkilatları yaradılmışdır və bütün bunlar Sumqayıtda quruculuq işlərinin tədricən sürətlənməsinə yeni güclü potensial formalaşdırmışdı.
Qeyd edək ki, artıq 1949-cu ilədək aparılan quruculuq və tikinti işləri, Sumqayıtın ərazisində yaradılan sənaye müəssisələri, əhalinin sürətlə artması, hər tərəfdən Sumqayıta işçi quvvəsi axının güclənməsi, şəhərdə sənaye infrastrukturunun gücləndirilməsi, şəhər infrastrukturunun yaradılması istiqamətində addımların atılması artıq Sumqayıtın bir şəhər kimi formalaşmasına dəlalət edirdi və bura şəhər adının verilməsinə zərurətin yaranmasını əsaslandıran ciddi arqumentlər var idi. Belə bir şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin 22 noyabr 1949-cu il tarixli qərarı ilə Sumqayıt rayonu ləğv edilərək, bu rayonun bazasında Sumqayıt şəhəri yaradılmışdır. Bu tarixdən başlayaraq, Sumqayıt Azərbaycanın sosial-iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edən şəhəri kimi formalaşmışdır. Sumqayıt şəhərinin yaranma tarixinə əhalinin sayı 17,2 min nəfər olmuşdur, müqayisə üçün qeyd edək ki, bu göstərici, əvvəldə bildirdiyimiz kimi, 1939-cu ildə 6,4 min nəfərə yaxın təşkil etmişdir [25, s.5].

 

NƏTİCƏ
Sumqayıta şəhər statusunun verilməsinə qədər olan dövrün iqtisadi-tarixi aspektlərini ümumiləşdirməyə çalışsaq, bunları qeyd etmək mümkündür:
1) Sumqayıt qədim karvan marşrutlarının üzərində yerləşən ərazi kimi olsa da, burada uzun əsrlər boyunca əhalinin məskunlaşması prosesləri baş verməmişdir.
2) Son 300-500 il ərzində Sumqayıtın adı müxtəlif mənbələrdə, səyyahların yol qeydlərində, araşdırma materiallarında, elmi mənbələrdə çəkilsə də, bu ərazidə fəal proseslər - əhalinin yaşaması, məşğulluğu haqqında məlumatlar olduqca azdır.
3) Sumqayıt bir çox mənbələrdə dəniz mayakı, çay adı, poçt və dəmir yolu stansiyaları - məntəqələri kimi öz əksini tapmışdır və bu amillər üzrə müxtəlif yanaşmalar, mülahizələr əsasında belə bir fikir irəli yürütmək mümkündür ki, Sumqayıtın adı əsas etibarı ilə onun yerləşdiyi ərazidə olan obyektlərin adları ilə bağlıdır, amma, bütün bunların daha dərin elmi araşdırılmasına zərurət vardır.
4) Sumqayıtın fəal şəkildə inkişaf etməsi prosesləri yalnız XX əsrin 30-cu illərindən başlamışdır, belə ki, keçmiş SSRİ höküməti tərəfindən burada sənaye müəssisələrinin tikintisi üçün ərazinin-infrastrukturun formalaşdırılması lazım idi.
5) Sumqayıtın sənaye potensialının formalaşmasına və inkişaf etməsinə əsas obyektiv şərtlərdən biri də - Azərbaycanda Sumqayıtda tikilməsi nəzərdə tutulan sənaye müəssisələrinin səmərəli fəaliyyəti üçün xammal bazasının, xüsusilə, kimya və neft-kimya kompleksinin inkişaf etdirilməsi üçün zəruri olan neft xammalının olması ilə bağlıdır.
6) Sumqayıtın inkişaf etdirilməsi keçmiş SSRİ dövründə sənaye təyinatlı şəhərlərin formalaşdırılması və inkişafına dair ən yuxarı səviyyədə qərarların olmasının da böyük əhəmiyyətini qeyd etmək mümkündür, əgər bu qərarlar olmasaydı, SSRİ-nin hər yerindən bu şəhərin tikintisinə və sənaye potensialının formalaşdırılmasına işçi qüvvəsi, mütəxəssislər və avadanlıqlar göndərilməzdi.
7) Sumqayıt şəhərinin yaranması ilə başlayan proseslər və həmin dövrdən bu vaxta kimi olan 70 illik tarixə irəliyə baxış etsək, görmək mümkündür ki, bu şəhərin Azərbaycanın sosial-iqtisadi inkişafında rolu onun yarandığı tarixdən bu günə kimi strateji əhəmiyyət kəsb edir.
Ümid edirik ki, bu tədqiqat materiallarında yer almış fikir və mülahizələrin, yanaşmaların daha geniş, davamlı şəkildə, eyni zamanda, fundamental səviyyədə araşdırılması alim və tədqiqatçılarımızın diqqət mərkəzində olacaqdır və bununla da, 70 yaşlı Sumqayıtımızın Azərbaycanın sosial-iqtisadi inkişafında rolu və əhəmiyyəti haqqında daha obyektiv iqtisadi-tarixi fikir formalaşdırılacaqdır.

 

ƏDƏBİYYAT:


1. Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Bakı şəhəri, 14 fevral 2019-cu il.
2. Sumqayıtın Tarixi Muzeyi – zəngin mədəni irs və yaddaş xəzinəsi. http://www.anl.az/down/meqale/525/2011/mart/161863.htm.
3. Sumqayıt şəhərinin salınmasını doğuran amillər. http://birlik.az/chap.php?id=4491.
4. Березин И. Путешествие по Дагестану и Закавказью. Казань, 1850, с. 133.
5. "Sukait" türk-monqol tayfalari ilə bizi nə bağlayir? http://168saat.com/262-sukait-turk-monqol-tayfalari-ile-bizi-ne-baglayir.html.
6. Пахомов Е.А., Мель Н. Отчет о поездке на р. Сумгаит для осмотра развалин карвансараев. Науч. Архив Ин-та истории АН Азерб. ССР, инв. № 826 а, 826 б.
7. Həmişə gənc qalan şəhər - http://www.anl.az/down/meqale/adalet/2011/noyabr/215850.htm.
8. Sumqayıtın tarixi. http://sumqayit-ih.gov.az/page/11.html.
9. Sumqayıt adının etimologiyası. https://mir-az.tumblr.com/post/133280121899/sumqayıt-adının-etimologiyası.
10. Lazımova S. Tarixi yaddaşlara köçürən məkan - “Sumqayıtın Tarixi Muzeyi”. http://azpress.az/index.php?lang=az§ionid=news&id=67600.
11. История и короткая справка о городе Сумгаит - http://sumqayit1988.com/events/cityhistory/.
12. Sumqayıt və Ceyranbatan gölü əfsanəsi. https://az.wikisource.org/wiki/Sumqay.
13. Sumqayıtın yaranma tarixi. http://legend.az/48745-sumqayitin-yaranma-tarixi.html.
14. Şəhər haqqında məlumat. http://heydaraliyev-centers.az/sumgayit/about-region.
15. Məmmədov E., Məmmədov R. Sumqayıt 1988: Cinayət və cəza. Bakı, “Nurlar” nəşriyyat-poliqrafiya Mərkəzi, 2014, 384 s.
16. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt, 2010 – 240s. http://ebooks.azlibnet.az/book/3mrb2vUs.pdf.
17. Hüseynov K.Ə. Quruculuğa həsr olunmuş ömür. (Avtobioqrafik memuar). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, Bakı, 2001 - 384 s.
18. Alıyev H.A. Sumqayıt şəhərinin tarixi. T.ü.e.d. diss-nın Avtoreferatı. Bakı, 2013, 55 s.
19. Əliyev Ş.T. Kimya və neftkimya kompleksinin inkişaf mərhələləri, mövcud problemləri və perspektivləri // İqtisadiyyat və həyat jurnalı, № 7-8, Bakı, 2004, S. 61-70.
20. Sov.İKP qurultayları, konfransları və MK plenumlarının qətnamə və qərarları. III hissə (1917-1930-cu illər). Bakı: Azərnəşr, 1954, 350 s.
21. Azərbaycan Sovet Ensiklipodiyası. VII cild, Bakı ASE nəşri, 1983, S.76.
22. Всесоюзная перепись населения 1939 г. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР. http://www.demoscope.ru/weekly/ssp/ussr_nac_39_ra.php?reg=695.
23. Alıyev H.A. Sumqayıt şəhərinin tarixi. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2011, 544 s.
24. Hüseynov K.Ə. Quruculuğa həsr olunmuş ömür. (Avtobioqrafik memuar). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, Bakı, 2001 - 384 s.
25. Lazımova S. Sumqayıt: inkişaf və tərəqqi dövrü. Sumqayıt, 2019, 10 s.

Açar sözlər: Sumqayıt, Sumqayıtın iqtisadi inkişafı, Sumqayıtın sənaye şəhəri kimi formalaşması, Sumqayıt şəhərinin yaranması, Sumqayıtın iqtisadi potensialı.

Ключевые слова: Сумгайыт, экономическое развитие Сумгайыта, формирование Сумгайыта в роли промышленного города, создание города Сумгайыт, экономический потенциал Сумгайыта.

Key words: Sumgait, economic development of Sumgait, formation of Sumgait as an industrial city, creation of Sumgait city, economic potential of Sumgait.

Xülasə
Sumqayit şəhərinin formalaşmasının
iqtisadi-tarixi aspektləri
(1949-cu ilədək olan dövr)
Məqalədə Sumqayıt şəhərinin formalaşmasının iqtisadi-tarixi aspektləri tədqiq olunmuşdur. Bu məqsədlə, şəhərin formalaşmasını şərtləndirən iqtisadi-tarixi amillər sistemli və ardıcıl şəkildə araşdırılmışdır. Şəhərin yaranması üçün əsas olan iqtisadi elementlər və komponentlər açıqlanmışdır. Sumqayıtın kiçik bir yaşayış məntəqəsindən şəhərə çevrilməsinin iqtisadi əsasları verilmişdir. Şəhərin sənaye infrastrukturunun yaradılması prosesləri təhlil olunmuşdur. Şəhər təsərrüfatının formalaşdırılması və inkişaf etməsinin qanunauyğunluqları müəyyənləşdirilmişdir. Sovetlər birliyi dövründə Sumqayıtın şəhər kimi formalaşmasının iqtisadi-tarixi cəhətləri verilmişdir. Sumqayıtın şəhər kimi formalşmasını sürətləndirən proseslər ümumiləşdirilmiş və nəticələr hazırlanmışdır.

Резюме
Экономико-исторические аспекты формирования города Сумгайыт (период до 1949 года)
В статье исследованы экономико-исторические аспекты формирования города Сумгайыт. С этой целью системно и последовательно исследованы экономико-исторические аспекты, обуславливающие формирование города. Раскрыты основные экономичекие элементы и компоненты создания города. Даны экономические основания превращения небольшого поселения в город Сумгайыт. Анализированы процессы создания промышленной инфраструктуры города. Определены закономерности развития и процессы формирования хозяйствования города. Даны экономико-исторические особенности формирования Сумгаита как города в период Советского Союза. Обобщены выводы и рассмотрены процессы, ускоряющее формирование Сумгайыта как города.

Summary
Economic and historical aspects of the formation of the city of Sumgait (period until 1949)
The economic and historical aspects of the formation of the city of Sumgait are investigated in the article. The economic and historical aspects that lead to the formation of the city are systematically and consistently studied for this purpose. The main economical elements and components of city creation are disclosed then. Economic grounds for turning a small settlement into the city of Sumgait are given too. The processes of creation of industrial infrastructure of the city are analyzed. Patterns of development and processes of formation of city economy are defined. Economic-historical peculiarities of Sumgait formation as a city during the period of the Soviet Union are given. The conclusions and the processes that accelerate the formation of Sumgait as a city are summarized at the end of the article.