Avstriyada koronavirusa yoluxma ehtimalı daha bir şəxs karantindədir

Vyana şəhərində koronavirusa yoluxma ehtimalı ilə daha bir pasiyent xəstəxanaya qəbul olunub.

AZƏRTAC xəbər verir ki, daha bir Çin vətəndaşı bazar günü koronavirusa xas olan şikayətlərlə xəstəxanaya müraciət edib. Avstriyada yaşayan həmin şəxs ötən həftələrdə məzuniyyətini Çində böhran regionunda keçirib, ona görə də xəstəxananın başqa xəstələrdən təcrid olunmuş karantin bölməsində yerləşdirilib.

Vyana Xəstəxanalar Birliyinin direktoru Mixael Binder Avstriya Teleradiosunda (ORF) çıxış edərkən bildirib ki, koronavirusun yeni ştammının (2019-nCoV) yayılması və yoluxma halları ilə bağlı bütün məlumatlar şəffaf şəkildə ictimaiyyətə çatdırılacaq. Bununla yanaşı o, əhalidə mövzu ilə bağlı məlumat və maarifləndirmə işlərinin aparılmasını vacib hesab edib. O, hələ inkubasiya dövründə yoluxucu xüsusiyyətə malik bu virusun təhlükələrindən danışıb və böhran regionunda səfərdə olmuş şəxslərə adi qrip hesab etdikləri hallarda mütləq həkimə müraciət etməyi tövsiyə edib.

Qeyd edilməlidir ki, Vyanada koronavirus ehtimalı ilə xəstəxanaya qəbul edilmiş digər Çin vətəndaşında bu virus təsdiqini tapmayıb. 24 yaşlı təyyarə bələdçisi evə buraxılıb.

Bazar ertəsi ərzində digər pasiyentin test cavabları əldə olunmalıdır.