İqlim dəyişmələri təzahürləri və onun planetimizə təsiri son 50 ildə daim artaraq pik həddinə çatıb

Koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilmiş məhdudlaşdırıcı tədbirlər atmosferə buraxılan parnik qazları tullantılarının həcminin müvəqqəti azalmasına gətirib çıxarıb, lakin bu, qlobal istiləşməyə qarşı ardıcıl mübarizə tədbirlərindən imtina etmək üçün bəhanəyə çevrilməməlidir.

Yerveinsan.az BMT-nin saytına istinadla xəbər verir ki, bunu Dünya Meteorologiya Təşkilatı (DMT) bəyan edib. DMT xəbərdarlıq edib ki, COVID-19 iqlim dəyişmələrinin mənfi sosial-iqtisadi nəticələrini daha da ağırlaşdıracaq.

DMT ekspertləri Dünya Torpaq Günü münasibətilə xatırladıblar ki, iqlim dəyişmələri təzahürləri və onun planetimizə təsiri son 50 ildə daim artaraq pik həddinə çatıb: son beş il meteoroloji müşahidələrin bütün tarixi ərzində ən isti illər olub. Alimlərin proqnozlarına görə, Paris İqlim Sazişi icra olunmasa, planetimizin bəzi guşələri yaşamaq üçün yararsız vəziyyətə düşəcək.

Karbon qazının bugünkü səviyyəsi 1970-ci ilin göstəricilərindən, demək olar, 26 faiz yüksəkdir. Özü də orta qlobal temperatur o vaxtdan etibarən 0,86 dərəcə artıb və sənayeləşmə dövründə olduğundan 1,1 dərəcə yüksəkdir. Proqnozlara görə, gələn beşillikdə, çox güman, qlobal orta temperaturun yeni rekordu qeydə alınacaq.

Şübhəsiz ki, pandemiya və onunla bağlı məhdudlaşdırıcı tədbirlər parnik qazları tullantılarının həcminin azalmasına gətirib çıxaracaq, lakin bu göstərici müvəqqəti olacaq və uzunmüddətli öhdəliklərdən imtina etmək üçün bəhanəyə çevrilməməlidir.

DMT-nin Baş katibi Petteri Taalas deyib: "COVID-19 virusunun səhiyyə və iqtisadiyyat sahələrində dərin beynəlxalq böhrana səbəb olmasına baxmayaraq, iqlim dəyişmələri probleminin həll olunmaması bütöv yüzilliklər ərzində insanın rifahı, ekosoistemlər və iqtisadiyyatlar üçün təhlükəyə çevrilə bilər". O vurğulayıb ki, iqlim dəyişmələrinə qarşı mübarizədə eynən COVID-19 virusuna qarşı aparılan mübarizədə olduğu kimi qətiyyət və birlik nümayiş etdirmək lazımdır. "Biz bəşəriyyətin sağlamlığı və rifahı naminə təkcə yaxın həftələr və aylarda deyil, həm də gələcək nəsillər üçün fəaliyyət göstərməliyik", - deyə o vurğulayıb .