Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada hər iki tərəfdən həlak olanların sayı 16-ya çatıb
Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada qırğız tərəfdən həlak olanların sayı 13-ə çatıb. Tacikistan tərəfdən 3 adamın öldüyü bildirilir.
Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, aprelin 30-u yerli vaxtla saat 8:00-a olan məlumata görə qırğız tərəfdən 134 adam yaralanıb. Onların bir çoxunun vəziyyəti ağırdır. 25 ağır yaralı xüsusi təyyarə ilə Batkendən Bişkekə aparılıb.
Ötən gecə Qırğızstanla Tacikistan arasında qarşıdurmanın tənzimlənməsi üçün bəyannamə və protokol imzalanıb.
Xatırladaq ki, qarşıdurma aprelin 28-də Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb.//AZƏRTAC