Sabah Azərbaycanda Bakı Enerji Həftəsi keçiriləcək

Sabah paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək.

İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edəcək.

Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.

Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.

Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: “ACWA Power”, BP, “Equinor”, “Masdar”, INPEX, “Turkiye Petrolleri”, “Baker Hughes”, “Microsoft”, “PASHA Bank”, “TechnipFMC”, “Tenaris”, “TotalEnergies”, “Uniper”, “Azeri MI Drilling”, AZFEN, “Baku Steel Company”, “Caspian Drilling”, “Caspian Marine Services Limited”, “Ernst & Young”, “Global Energy Azerbaijan Management”, “Tekfen”.

İştirakçılar arasında “Bos Shelf”, “Gazprombank”, “Equinor”, “Schlumberger” və digər şirkətlər çıxış edəcək.

Bakı Enerji Həftəsinə yüksək rütbəli qonaqların gəlməyi gözlənilir: Serbiya Respublikasının Baş nazirinin müavini (dağ-mədən sənayesi və energetika naziri); Moldovanın Baş nazirinin müavini (infrastruktur və regional inkişaf naziri); ABŞ-ın Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini; Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru; Rumıniya, Bolqarıstan, Qazaxıstanın energetika nazirləri; İran İslam Respublikasının neft naziri; Beynəlxalq Enerji Forumunun baş katibi; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi; İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini; İndoneziyanın Neft və qazın baş direktoru (Energetika və Mineral Ehtiyatlar Nazirliyi); Hindistan Respublikasının Enerji Nazirliyinin əlavə katibi; İdarə Heyətinin üzvü və İcraçı direktor (Bulgargaz EAD); TANAP Konsorsiumunun baş direktoru.

Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramını çərçivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri (B2B) keçiriləcək. Keçiriləcək sessiyalar aktual mövzuları əhatə edəcək: “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər”, “Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti”, “Energy Talks” sessiyaları: “Women in power”, “Bizimkilər”, “Neft və Qaz bazarında tələb olunan təchizatçı necə olmaq olar”, “Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi”, “Neft sənayesində SƏTƏM idarəetməsi”, həmçinin iştirakçı şirkətlərin təqdimatları da keçiriləcək.

Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisi keçiriləcək. Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

“Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Sərgi yarandığı ilk günlərdən respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Hər il Prezident İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndəriblər.

Sərgidə Almaniya, Rumıniya, Rusiya milli pavilyonla iştirak edəcək. Bu ilin yenilikləri arasında: bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma memorandumları, yaşıl hidrogen və ixrac məsələləri.

Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini, bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.

Ənənəvi “Xəzər Neft və Qaz” sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən energetika sənayesinin liderlərini bir araya gətirəcək.

Bu il Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi “Caspian Power” 10 illik yubileyini qeyd edir. Ənənəvi olaraq, Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ilə eyni platformada Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 10-cu Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji “Caspian Power” 2022 sərgisi keçiriləcək. Sərginin ekspozisiyası beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində ən son təkliflərini təqdim edəcək. Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Qarabağda işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” ilə təmini üçün bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcək.

İyunun 2-3-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25 mövzusu daxildir. Plenar iclas “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.

Аzərbaycan Dövlət Neft və Sənaye Universiteti və “BP eksploreyşn limited” şirkəti arasinda bərpa olunan enerji mənbələri üzrə ali təhsil proqraminin həyata keçirilməsi ilə bağlı çərçivə sazişi də imzalanacaq.

Tədbirin məruzəçiləri arasında Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirləri, Moldova və Serbiyanın baş nazir müavinləri, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF), ABŞ-ın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələri, SOCAR, BP, TPAO, “Equinor”, “Uniper”, “Tenaris”, “TotalEnergies”, “Masdar”, “ACWA Power” və digər enerji sektorunun şirkət rəhbərlərinin çıxışları yer alacaq.

Yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər forumun proqramına daxildir.

Forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.

Beləliklə, sərgilər və forum enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq.