Kənd təsərrüfatı naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 23-də Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbuldan öncə nazir Məcnun Məmmədov və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, güzəştli şərtlərlə kredit ayrılması, texnika və avadanlıqların lizinqi, ərzaqlıq buğda istehsalına dair proqrama qoşulma, pivot suvarma sistemlərinin elektrik enerjisi ilə təminatı və digər məsələlərlə bağlı olub.
Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra nazir Məcnun Məmmədov Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili, payızlıq əkinlər və çoxillik əkmələrə görə veriləcək subsidiyalarla əlaqədar aparılan monitorinqlərin gedişi ilə maraqlanıb, aqrar sahədə dövlət dəstək mexanizmlərinin tətbiqi, 2026-cı təsərrüfat ilində qarşıda duran vəzifələr və kənd təsərrüfatının digər aktual məsələləri ilə fikir mübadiləsi aparıb.

