İtaliyada meşə yanğınları ötən illə müqayisədə iki dəfədən çox artıb

Bu il İtaliya ərazisində qeydə alınan meşə yanğınları ötən ilə nisbətən iki, 2020-ci illə müqayisədə isə altı dəfədən çox artıb.

Bu barədə İtaliyanın Mülki Müdafiə qurumunun rəhbəri Fabrizio Kurcio deyib.

Ölkədə müşahidə olunan anomal istilərin yanğınlarla yanaşı, quraqlığa səbəb olduğunu deyən F.Kurcio İtaliyanın ən böyük çayı olan Poda su səviyyəsinin mövsüm normalarından 80 faiz aşağı olduğu bildirib. Qeyd edib ki, son illərin orta göstəricilərinə görə, bu il ölkə ərazisinə 40-50 faiz az yağış və 70 faiz az qar yağıb.

O, sudan istifadə ilə bağlı ölkənin şimalında fövqəladə vəziyyətin elan olunduğunu da diqqətə çatdırıb.

Quraqlığın ən çox təsir göstərdiyi Lombardiya regionunun rəhbəri Attilio Fontana isə xüsusilə İtaliyanın şimal bölgələrinə təsir edən quraqlığın bu vaxtadək bölgədə qeydə alınan ən pis quraqlıq olduğunu və bundan əvvəl bu cür su qıtlığı böhranı yaşamadıqlarını qeyd edib.

Po çayında suyun səviyyəsinin azalması kənd təsərrüfatı sahəsində ciddi təşvişə səbəb olub. Bildirilir ki, çayda suyun səviyyəsinin azalması kənd təsərrüfatı məhsullarının 30 faizini təhlükə altına qoyur.//AzərTAc