G20 ölkələrinin maliyyə nazirləri Balidə bir araya gəliblər

G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri İndoneziyanın Bali adasında keçirilən görüşün ilk günündə qlobal iqtisadiyyat, səhiyyə və maliyyə məsələləri ilə bağlı səmərəli müzakirələr aparıblar.

Bu barədə iyulun 16-da İndoneziya Mərkəzi Bankının rəhbəri Perri Varcio məlumat verib. P.Varcio bildirib ki, G20 ölkələri dünya iqtisadiyyatının bərpası üçün konkret nəticələr əldə etməyə çalışmalıdır. Bununla əlaqədar o, görüş iştirakçılarının diqqətini vahid məqsəd istiqamətində cəmləməyə çağırıb.

İndoneziyanın maliyyə nazirinin müavini Vempi Saputru da iyulun 16-da aparılan müzakirələrin məhsuldar olduğunu qeyd edib.

G20 ölkələrinin xarici işlər nazirlərinin bir neçə gün əvvəl Bali adasında keçirilən görüşündə olduğu kimi, maliyyə nazirlərinin də görüşündə birgə bəyanatın qəbul olunmayacağı bildirilir. Buna səbəb kimi Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyata iştirakçıların fərqli münasibətinin olması göstərilir. Güman olunur ki, birgə bəyanatın əvəzinə iclasa sədrlik edən İndoneziyanın maliyyə naziri xanım Mulyani İndravati iki günlük görüşün nəticələri ilə bağlı bəyanatla çıxış edəcək.

Xatırladaq ki, G20 maliyyə nazirlərinin apreldə keçirilən görüşü də yekun bəyanatı olmadan başa çatmışdı.