ÜST: Koronavirus yayılmaqda davam edir, yeni və təhlükəli variantlar ortaya çıxır

“Omikron” ştamının yüksək dərəcədə yoluxucu alt növlərinin yayılması fonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı Qlobal Vaksinasiya Strategiyasının yenilənmiş versiyasını dərc edib. Sənədin müəllifləri öz qənaətlərində koronavirus infeksiyasına qarşı immunizasiya üzrə qlobal proqramın həyata keçirilməsindən əldə olunan nəticələrə əsaslanır və statistik məlumatlara istinad edirlər.

COVID-19-a qarşı vaksinlərin tətbiq edilməsinin ilk ilində 19,8 milyon insanın həyatını xilas etməyə nail olunub. Dünya üzrə 12 milyarddan çox doza istifadə edilib ki, bu da ölkələrə orta hesabla əhalisinin 60 faizini vaksinasiya ilə əhatə etməyə imkan verib.

Bununla belə, aşağı gəlirli ölkələrdə yaşlı insanların yalnız 28 faizi və tibb işçilərinin 37 faizi ilkin vaksinasiyadan keçib. 27 ölkədə hələ ki buster və ya əlavə doza kampaniyasına başlanılmayıb, onlardan on biri aşağı gəlirli ölkələrdir.

Yenilənmiş strategiya ölüm və ağır xəstələnmə hallarını azaltmaq üçün ilkin və buster dozaların istifadəsini təklif edir. Strategiya əvvəlki kimi hər bir ölkədə əhalinin ən azı 70 faizinin peyvənd edilməsinə istiqamətlənir. Lakin ilk növbədə tibb işçilərinin 100 faizini və əhalinin ən həssas təbəqələrinin, o cümlədən yaşlıların (60 yaşdan yuxarı) və immun sistemi zəifləmiş və ya yanaşı xəstəlikləri olan insanların 100 faizini peyvənd etmək lazımdır.

“Hətta peyvəndlə 70 faizlik əhatəyə nail olunsa belə, əgər xeyli sayda tibb işçisi, yaşlı insanlar və digər risk qrupları peyvənd olunmamış qalarsa, ölüm halları davam edəcək, səhiyyə sistemləri təzyiq altında olacaq, qlobal bərpa isə risk altında olacaq”, - deyə ÜST-nin baş direktoru Tedros Qebreyesus bildirib. "Ən çox risk altında olanların hamısının peyvənd olunması həyatları xilas etmək, səhiyyə sistemlərini müdafiə etmək və cəmiyyətləri və iqtisadiyyatı qorumaq üçün yeganə optimal yoldur".

Yenilənmiş strategiya, həmçinin təkmilləşdirilmiş vaksinlərin hazırlanmasını sürətləndirmək və onlara ədalətli çıxışı təmin etmək məqsədi daşıyır. Mövcud vaksinlər xəstəliyin ağır gedişini və ölümün qarşısını almağa kömək edib, lakin yoluxma hallarının sayının əhəmiyyətli dərəcədə azalmasına gətirməyib.

Virusun yayılmaqda davam etdiyi üçün, onun yeni və təhlükəli variantları, o cümlədən peyvəndlərin effektivliyini azaldan variantları ortaya çıxır. ÜST burun spreyləri kimi daha effektiv və istifadədə daha asan olan peyvəndlərin tədqiqinə və işlənib hazırlanmasına investisiya yatırmağa davam etməyə çağırır.//Azərtac