Van İ: ABŞ Tayvan boğazında sülhün və regional sabitliyin ən böyük dağıdıcısına çevrilib

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin ciddi etirazlarına baxmayaraq Tayvana səfəri “Vahid Çin” prinsipini kobud şəkildə pozur, Çinin suverenliyinə qərəzli qəsd edir, açıq-aşkar siyasi təxribata yönəlir. Səfər Çin xalqı arasında ciddi hiddətə və beynəlxalq ictimaiyyətin böyük etirazına səbəb olub.

Bu fikirlər Çin xarici işlər naziri Van İnin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasına (“Çin Respublikası”) səfəri ilə bağlı bəyanatında yer alıb.

“Bu səfər ABŞ siyasətçilərinin Çin-ABŞ münasibətlərində baş bəlası olduğunu və Birləşmiş Ştatların Tayvan boğazında və regionda sülhün, sabitliyin ən böyük dağıdıcısına çevrildiyini bir daha göstərir”, - deyən çinli nazir əlavə edib ki, Vaşinqton Çinin birləşməsinin qarşısını almağı xəyal etməməlidir. Tayvan Çinin bir hissəsidir və Çinin birləşməsi tarixi zərurətdir. Biz “Tayvanın müstəqilliyi”nə can atan qüvvələrə və xarici müdaxiləyə imkan verməyəcəyik. Tayvan məsələsi Çinin daxili işidir.

ABŞ-ın Çinin inkişafını pozmaq üçün fantaziya qurmamalı olduğunu vurğulayan Van İ qeyd edib ki, heç bir ölkəyə Çinin sabitliyini və inkişafını pozmağa imkan verməyəcəklər. Çinin inkişafını və sülhpərvər yüksəlişini pozmağa cəhd olan Tayvan məsələsindəki təxribatlar da uğursuzluğa düçar olacaq.

Çinli nazir ABŞ-ın Tayvan məsələsindəki yanaşmasının qarşıdurmaya yönəldiyini, habelə Asiya-Sakit okean hövzəsi xalqlarının ümidlərinin əksinə olduğunu bildirib. O, Vaşinqtonun “Tayvan kartı”nı oynamaqdan və BMT Nizamnaməsinin prinsiplərini pozmaqdan əl çəkməli olduğunu deyib.

Van İ Vaşinqtonun gərginliyin yüksəldilməsində Çini günahlandırmasını əsassız hesab edərək, faktların Birləşmiş Ştatların Tayvan məsələsi ilə Çinə qarşı təxribat etdiyini, Çinin suverenliyini və ərazi bütövlüyünü kobud surətdə pozduğunu göstərdiyini bildirib.

Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi avqustun 2-də gecə saatlarında Tayvan adasına səfərə gəlib. Bu, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan şəxsin son 25 ildə Tayvana ilk səfəridir.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.//Azərtac