Rusiyada yeni təhsil sistemi formalaşdırılacaq
Sentyabrın 1-də Rusiyada yeni dərs ili başlayır. Bolonya prosesindən imtina etmiş Rusiya hələlik özünün yeni təhsil sistemini formalaşdırmayıb.
Rusiya ali təhsil sistemini köklü dəyişikliklər gözləyir. Belə ki, ölkə 2003-cü ildən qoşulduğu Bolonya təhsil sistemindən çıxmaq qərarını verib. Daha doğrusu, bu ilin aprelində Rusiya Bolonya sistemindən uzaqlaşdırılıb. Buna səbəb ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorlarının Ukraynada xüsusi əməliyyatı dəstəkləyən məktub imzalamaları olub. May ayında isə Dövlət Duması Bolonya prosesini “arxada qalmış mərhələ” adlandıraraq, sistemdən çıxışa start verib və Rusiya hökuməti özünün unikal təhsil sistemini yaratmaq qərarına gəlib.
Yeni təhsil ilinin əvvəlində gəncləri və valideynləri bir çox suallar düşündürür: Rusiya təhsil müəssisələrinin tələbələri mübadilə proqramlarında iştirak edə biləcəklərmi? Universitet proqramları dəyişəcəkmi?
Mütəxəssislərin fikrincə, hazırda dəqiq proqnozlar vermək çətindir. Onlar Rusiya təhsil sisteminin Bolonya prosesindən çıxandan sonra inkişafının bir neçə ssenarisini təqdim edirlər.
Bolonya sistemi Rusiya təhsilinə hansı yenilikləri gətirmişdi?
İlk növbədə, Rusiya Bolonya sisteminə qoşulanda beynəlxalq mübadilə proqramlarının fayda verəcəyinə, tələbə və müəllimlərin xarici ali təhsil müəssislərində təcrübə keçmək imkanı əldə edə biləcəyinə ümid bəsləyirdi və bu ümidlər də özünü doğrultmuşdu. İndiki şəraitdə belə mübadilə proqramlarının Avropa universitetləri ilə kütləvi şəkildə gerçəkləşməsi, əlbəttə ki, mümkün deyil. Lakin tələbələr fərdi şəkildə, eyni zamanda, təhsil müəssisələri ikitərəfli qaydada xarici universitetlərlə əməkdaşlıq edə biləcəklər. Hazırda ölkənin ali təhsil və elm müəssisələri daha çox Şərqə üz tutub, Çin və Koreya kimi dövlətlərlə bu istiqamətdə tərəfdaşlığa üstünlük verirlər.
Bundan başqa, Bolonya sistemi diplomların qarşılıqlı tanınması imkanı da yaradırdı ki, bu, Rusiya təhsilinin beynəlxalq arenaya çıxışı demək idi. Son 20 ildə Rusiya təhsil sistemi Bolonya standartlarına uyğunlaşdırılmış, bütün tədris proqramları yenidən qurulmuşdu. İndi isə tədris proqramlarının yenilənməsi üçün azı bir il vaxt lazım olduğu bildirilir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi yeni ali təhsil sisteminin çoxvariantlı olmasını təklif edir. Onun sözlərinə görə, yeni sistemə ixtisaslaşma, bakalavr və magistratura daxil ola bilər. Rektorun fikrincə, dəqiq elmlər və yüksək texnologiyalar sahəsində mütəxəssislərin hazırlanmasında ixtisaslaşma və inteqrasiya olunmuş magistratura (6 illik təhsil) proqramlarına üstünlük verilməlidir.
Bolonya sisteminə keçidlə Rusiya qəbul və buraxılış imtahanlarından da imtina edərək, vahid dövlət imtahanı sisteminə keçmişdi. Mütəxəssislər hesab edirlər ki, yeni təhsil layihəsində bu sistemdən imtina olunmayacaq.
Rusiyada yeni milli təhsil sisteminin 2023-2024-cü təhsil ilindən tətbiqi nəzərdə tutulur. Ali təhsil və elm naziri Valeri Falkov artıq payızda Dövlət Dumasına yeni milli sistemin formatına dair təkliflər təqdim olunacağını bildirib. Nazirlikdə təkliflərin hazırlanması üçün işçi qrupu yaradılıb. V.Falkov bir sıra digər yeniliklərlə yanaşı, magistratura təhsilinin müddətinin iki ildən bir ilədək azaldılmasını da təklif edib.
Rusiyanın orta təhsil müəssisələrində də sentyabrın 1-dən bir sıra yeniliklər tətbiq olunacaq. Bu yeniliklər tərbiyə prosesi, tarix sahəsində maarifləndirmə, imtahan materialları və federal təhsil standartlarında dəyişikliklərlə özünü göstərəcək.
Bu ildən etibarən orta məktəblərdə həm dərs ili, həm dərs həftəsi dövlət bayrağının qaldırılması ilə başlanacaq. Bayrağı ən yaxşı şagird və ya müəllim, hətta valideyn də qaldıra bilər. Həftənin sonu isə bayraq aşağı salınacaq.
Rusiya məktəblərində birinci sinifdən başlayaraq uşaqlar ölkənin tarixini öyrənməyə başlayacaqlar. Yuxarı sinif şagirdləri üçün isə əlavə tarix dərsləri nəzərdə tutulur.//Azərtac