Britaniyalı siyasi şərhçi Ermənistanın Londondakı səfirliyi qarşısında keçirilən etiraz aksiyasına qatılıb

Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sentyabrın 16-da Ermənistanın Londondakı səfirliyi qarşısında keçirdiyi aksiyada yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, iştirakçılar arasında britaniyalı siyasi şərhçi və jurnalist Niel Uatson da olub. O, aksiya zamanı jurnalistlərə açıqlama verərək, Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatı pisləyib.

“Biz bir daha Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin və bu təcavüz nəticəsində azərbaycanlıların həyatını itirməsinin şahidi olduq. Bu gün burada, həmçinin Ermənistanın Azərbaycan torpaqlarını minalamasına etiraz etmək üçün yığışmışıq” – deyə N.Uatson bildirib.

Qeyd edək ki, piketdə “Ermənistan hücum edir, Azərbaycan isə sərhədlərini qoruyur!”, “Ermənistan sülhə yox deyib, müharibəni seçir!”, “Azərbaycan ədalət tələb edir!”, “Ermənistan, minalanmanı dayandır!”, “Minalar mülki insanları öldürür!”, “Azərbaycan torpaqlarının minalanması müharibə cinayətidir!” kimi şüarlar səsləndirilib, işğalçı siyasətə son qoyulması və bölgədə sülhün bərqərar olması üçün çağırışlar edilib.