G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü gələn ilin aprelində Yaponiyada keçiriləcək

Yaponiyanın sədrliyi ilə G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü 2023-cü il aprelin 16-dan 18-dək Yaponiyada keçiriləcək.

 Kyodo agentliyi xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi G7 ölkələrindən olan həmkarları ilə görüşü zamanı bildirib.

Nazir bildirib ki, görüş sürətli qatarla Tokiodan təqribən bir saatlıq məsafədə yerləşən Naqano prefekturasının Karuizava şəhərində baş tutacaq. Görüşün gündəliyində isə Ukrayna ətrafında vəziyyət və Asiya-Sakit okean regionunda baş verən hadisələr əsas yer alacaq.

Xatırladaq ki, G7-də sədrlik 2023-cü ildə Yaponiyaya keçir. Birliyin liderlərinin sammiti mayın 19-dan 21-dək Hiroşima şəhərində keçiriləcək. Yaponiya hökumətinin qənaətinə görə, sammitin İkinci Dünya müharibəsində atom bombardmanına məruz qalmış iki şəhərdən birində təşkili, dünyanın bir daha nüvə silahının dəhşətlərini görməməsi üçün çağırış rolunu oynayacaq.//AZƏRTAC