Rusiya Türkiyə ilə birgə növbəti AES-in tikintisinə başlayacaq

Rusiya ilə Türkiyə arasında yeni atom elektrik layihəsində iştirakla bağlı danışıqlar başlayıb.

Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, bunu çərşənbə günü "Rosatom" şirkətinin rəhbəri Aleksey Lixaçov "Rossiya-24" telekanalına müsahibəsində deyib.

O bildirib ki, yeni AES Türkiyənin şimalındakı Sinop vilayətində salına bilər.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında Sinopun adını çəkib. Burada dördbloklu stansiya yaradıla bilər. Biz artıq türkiyəli tərəfdaşlarımızla danışıqlara başlamışıq", - deyə o bildirib.

Xatırladaq ki, Rusiya ilə Türkiyə Akkuyu atom elektrik stansiyasının tikintisində əməkdaşlıq edir. Akkuyu AES-in gələn ilin əvvəlində işə düşməsi gözlənilir.