Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı - TAM MƏTN

Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın
bəyanatı
- Hörmətli cənab Prezident, əziz Qardaşım.

Hörmətli nazirlər.

Sizləri ən səmimi hisslərimlə, məhəbbətlə salamlayıram.

Əvvəlcə, Can Azərbaycanın iki gün əvvəl qeyd etdiyi Müstəqilliyin Bərpası Gününü bir daha təbrik edirəm.

İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışında iştirak etmək, ikinci hava limanını həqiqətən müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir. İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər.

Amma bunu görəndən sonra bu barədə danışdıq, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq.

Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. İndi biz bunları yaşayırıq, görürük. Eşidərək deyil, görərək bu ifadələri işlədirik. Bu, təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, burada sıfırdan başlayaraq yenidən ayağa qalxır.

Bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir.

Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara qayıtmağa başlamaları da bizi həddindən artıq sevindirir. Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyasına uyğun inşa edilən Ağalı kəndində məskunlaşmaları ilə Vətən həsrətlərinin, İnşallah, başa çatdığını görürük. Ağalı kəndini gördük, oraya bundan sonra artıq kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir.

Onun yanında “Dost Aqropark”ı gördük, orada kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində həqiqətən çox mühüm addım atılmışdır. Bir il əvvəl təməlqoyma mərasiminə gələndə çox fərqli bir ərazi idi. Amma indi kənd təsərrüfatı sahəsində çox ciddi iş görülərək bu ərazinin necə dirçəldildiyini gördük. Burada təxminən üç min baş cins qaramalın olması, bu imkanın da dəyərləndirilərək bir tərəfdən onların kəsimi, digər tərəfdən bəslənməsi, artırılması – bu istiqamətdə görülən işlərlə bu addım həqiqətən də Böyük Qayıdış layihəsinin həyata keçirilməsidir.

Yolda gələrkən hörmətli Qardaşım bəzi məsələləri də mənə izah etdi. Misal üçün, burada ən önəmli məsələ sudur. Su məsələsinə gəldikdə, qısa müddətdə burada su anbarının inşası ilə bu problem də aradan qaldırılacaq. Beləliklə, bu tarlalarda kənd təsərrüfatının inkişafı sayəsində çox ciddi nəticə əldə edəcəklərini söylədilər, həqiqətən bizim də gördüyümüz və inandığımız budur.

Çox qısa müddətdə burada kənd təsərrüfatı sahəsində də ciddi nəticələrin əldə edilə biləcəyini gördük. Ot bağlamalarının düzülüşü bizə o nəticəni göstərir. Biz də tədbiri ot bağlamalarının üzərində oturaraq izlədik. Buna görə də təbrik edirik. Yəni, minaların yerini artıq bunlar alıb. İnfrastruktur problemini tamamilə aradan qaldırmağa çalışırlar. Zənn edirəm ki, bir ildən sonra gələndə Cəbrayıl yolunun çox fərqli vəziyyətdə olacağını görəcəyik. Çünki burada da infrastruktur məsələləri ilə bağlı ciddi addımlar atılır. Burada da “Cengiz”, “Kalyon” şirkətlərinin müştərək fəaliyyəti ilə bu addımlar da atılmışdır. Ötən səfərimdən bir il sonra burada asfaltlanma işlərinin aparıldığını, körpülərin inşa olunduğunu, bu gün təməlini qoyduğumuz dəmir yolu ilə bağlı addımların atıldığını gördük. Dəmir yolunun buraya gətirilməsi buradakı inkişaf hərəkatının həqiqətən böyük bir layihə olaraq necə sürətlə həyata keçirilməsinin nümayişi baxımından böyük önəm daşıyır.

Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhərlər” olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır.

Artıq həmrəylik əsasında atdığımız addımlar var. Bunları inkişaf etdirərək daha mühüm və nəhəng layihələri birlikdə həyata keçirməyə hazırıq. Təbii ki, mühüm addımlardan daha biri olan - Cəbrayılda təməlini qoyduğumuz “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi də həmrəyliyimizin rəmzidir.

Hörmətli media nümayəndələri, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.

Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edib, 30 ildir verilməyən haqqını geri alıb. Ermənistan ilə müzakirələrdə səmimi addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub. Hər zaman söylədiyim kimi, sülhün uduzanı olmaz. Yeganə məqsədimiz bölgəmizin firavan gələcəyini inşa etməkdir.

Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşdırma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir. Açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır.

Hörmətli media nümayəndələri, Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda da “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyuruq. Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik.

Sözlərimi bu düşüncələrlə yekunlaşdırarkən şəxsən mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə xüsusilə millətim adından minnətdarlığımı ifadə edir, təşəkkürümü bildirirəm.

Rəbbim birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!