Fransa başqalarına əxlaq dərsi verməyə son qoymalıdır
Fransanın bugünkü siyasəti reallığa uyğun deyil. Fransa başqalarına əxlaq dərsi verməyə son qoymalıdır.
Fransanın sabiq naziri Dominik Dö Vilpən “France inter” radiosuna müsahibəsində deyib.
Bu gün Türkiyənin liderliyini və artan rolunu təsdiqlədiyini deyən sabiq fransız nazir Fransanın yenidən Avropada mövqeyini bərpa etməsini arzulayıb. O, ölkəsinin bugünkü siyasətindən çox narahat olduğunu və aparılan siyasətin reallığa uyğun olmadığını qeyd edib. Bildirib ki, Fransa başqalarına əxlaq dərsi keçməyə son qoymalıdır.
Dominik Dö Vilpən həmçinin, Fransa ilə Almaniya arasındakı gərginliyə toxunub, Avropanın gücünün Şimala və Şərqə doğru dəyişdiyini, qarşıdan gələn növbəti 10 il ərzində 10-11 yeni güclü ölkənin yaranması kimi genişlənmə perspektivində Almaniyanın masaya qoyduğu 100 milyard avro ilə əsas aktora çevriləcəyini və Avropanın silahlanmasının əsas payçısı olacağını bildirib. O, bu reallığın nəzərə alınmasının vacibliyini qeyd edib.
Dünya nizamının dinamikasından danışan sabiq fransız nazir bu gün mövcud olan üç böyük böhrana toxunub. Birincisi dövlətlər arasındakı faciəli rəqabəti qeyd edərək, ABŞ və Çinin dünya xəritəsini dəyişən qarşıdurma rəqabəti məntiqində olduğunu deyib. Sonra o, demokratiya və avtokratiya kimi siyasi modellər arasında olan rəqabəti qeyd edib və nəhayət, dünyanı olduğu kimi saxlamaq istəyən mühafizəkar ölkələr bloku və revizionist güclərin - Çin, Rusiya, çoxlu sayda peyda olan digər inkişaf etməkdə olan ölkələr bloku arasındakı rəqabəti diqqətə çatdırıb.
Qeyd edib ki, Fransa -Almaniya cütlüyü arasında fikir ayrılığına görə münasibətlər iflic vəziyyətindədir. Bu gün birləşmiş və güclü Avropaya ehtiyac var. Bu isə səmərəli Fransa-Almaniya dialoqundan başlayır. Parçalanan Avropa Amerika çətiri axtarır, halbuki Avropa dünyanın tarazlığında böyük rol oynayır. D.Dö Vilpənə görə Fransa Almaniya ilə gərginliyi tənzimləmək üçün yenidən ciddi olmalı, dövlət maliyyəsi baxımından boşluğa son qoymalıdır. Fransa enerji reallığını nəzərə almalı və enerji qıtlığı zamanı tarif sipərinin daha çox enerji istehlakını stimullaşdırdığını nəzərə almalıdır. Həmçinin, o, inkişaf etməkdə olan ölkələrə, Cənub ölkələrinə güvənməyin vacibliyini də qeyd edib. (AZƏRTAC)