Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə baryerlər qurur
Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə baryerlər inşa edir.
Polşanın müdafiə naziri Mariuş Blaşak mətbuat konfransında bu barədə qərar qəbul etdiyini açıqlayıb. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təhlükəsizlik və müdafiə komitəsinin iclasında Müdafiə Nazirliyinə sərhəd zolağında müvəqqəti baryer tikintisinə dair müvafiq tapşırıq verilib və tikintiyə dərhal başlanılıb.
Nazir qeyd edib ki, bu addımın atılmasına səbəb Yaxın Şərq və Şimali Afrikadan Kalininqrada uçuşların başlaması və ölkənin milli təhlükəsizliyinin gücləndirilməsinə yaranan tələbatdır. Baryer Polşa-Belarus sərhədində olduğu kimi, üçcərgəli tikanlı məftillərdən ibarət hasar formasında tikiləcək.
M.Blaşak əlavə edib ki, ötən ilin təcrübəsi Polşa sərhədinə hibrid hücumların qarşısının alınmasında sərhəd baryerlərinin effektini nümayiş etdirib.//AZƏRTAC