Finlandiya və İsveç Türkiyəyə indiyədək bir terrorçunu belə verməyib
Finlandiya və İsveç indiyədək Türkiyə tərəfinin onlardan ekstradisiyasını tələb etdiyi terrorçuluq fəaliyyəti ilə əlaqəli bir nəfəri belə Ankaraya təhvil verməyib.
Bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ “A Haber” telekanalına müsahibəsində bildirib. “Biz bu ölkələrə öz tələblərimizi yollamışıq. Ekstradisiya mövzusu müzakirə olunur, lakin terrorçuluq fəaliyyəti ilə əlaqəli olan şəxslərin verilməsi məsələsində bu vaxtadək müsbət irəliləyiş yoxdur”, - Bekir Bozdağ belə deyib.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün müraciət edib. Türkiyə əvvəlcə həmin ölkələrin NATO üzvlüyünə qarşı çıxıb və onları terrorçuları himayə etməkdə təqsirləndirib, alyansın Madrid sammitindən sonra isə ekstradisiya məsələsi barədə Helsinkiyə və Stokholma sorğular göndərib. Ankaranın Finlandiyaya bununla bağlı ümumilikdə 11 sorğu ünvanlandığı bildirilir.//AZƏRTAC