Yaponiya İranın Rusiyaya PUA-lar göndərməsini kəskin tənqid edib
Yaponiya hökuməti İranın Rusiyaya pilotsuz uçan aparatlar (PUA) göndərməsini pisləyir və bu ölkəni regionda sülhün və sabitliyin təmin edilməsi üçün konstruktiv rol oynamağa çağırır.
Bu sözləri Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno noyabrın 7-də Tokioda keçirilən mətbuat konfransında səsləndirib.
“Biz İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməsini kəskin pisləyirik”, - deyən baş katib Tokionun Tehranla Ukraynadakı vəziyyətlə əlaqədar yüksək səviyyədə fikir mübadiləsi apardığını qeyd edib.
“Biz İranı regionda və ümumiyyətlə, dünyada sülhün və sabitliyin təmin olunması üçün konstruktiv rol oynamağa çağırırıq. Bu hərəkəti gələcəkdə də davam etdircəyimizi bildiririk”, - deyə baş katib əlavə edib.
Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Fars” xəbər agentliyinə müsahibəsində Ukraynada əməliyyatlar başlayandan bəri İranın hər ay Moskvaya az sayda PUA-lar göndərdiyini bildirib. “Al Mayadden” telekanalının məlumatına qeyd olunur ki, nazir, həmçinin Ukraynanın ABŞ-ın təzyiqi səbəbindən Polşada İran nümayəndə heyəti ilə görüşdən imtina etdiyini deyib. Bildirib ki, bu hərbi sursat təchizatı ilə bağlı təşkil edilən görüş olub.
Qeyd edək ki, Moskva və Tehran İranın Ukraynada istifadə etmək üçün Rusiyaya PUA-lar göndərdiyini dəfələrlə təkzib ediblər. (AZƏRTAC)