İranın ballistik raketləri Rusiyaya doğru

Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru

Rusiya yaxın günlərdə Ukrayna şəhərlərini dağıtmaq üçün istifadə etdiyi raketlər sarıdan ciddi problemlər yaşayacaq. Çünki onun son aylar sağa-sola fırlatdığı ballistik raketlər bitmək üzrədir. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Vadim Skibitskiy kəşfiyyat məlumatlarına istinadən xəbər verib. Məlumatda həmçinin qeyd olunur ki, Rusiya artıq müasir raket ehtiyatının 80 faizdən çoxunu istifadə edib.Onun cəmi 120 “İskəndər” raketi qalıb ki, bu da Ukrayna üzərində qələbəni təmin etmək üçün çox cüzi bir rəqəmdir.İstifadə olunan raketlərin yerinin yeni istehsal vasitəsi ilə doldurulması isə indiki şəraitdə mümkün olan məsələ deyil.Çünki Rusiyanın məruz qaldığı sanksiyalar və təcridolunma ona ciddi istehsalın təşkilinə imkan vermir. Rusiya minik avtomobillərinin istehsalı üçün zəruri olan ehtiyat hissələrinin əldə olunmasında çox ciddi problemlərlə üzləşirsə yeni silah istehsalı barədə heç danışmağa dəyməz.
Rusiyanın son günlər Ukrayna cəbhəsində qeyd olunan raketlərin istifadəsini xeyli surətdə azaltması da Ukraynalı hərbçinin dediklərini təsdiq edir və silah qıtlığı ilə əlaqədardır. Rusiya Silahlı Qüvvələrinin bu sahədə boşluğu doldurmaq üçün hələlik İrandan aldığı “Şaheed-136” kamikadze dronlarından kütləvi şəkildə istifadə etməsi yardımına gəlir. Lakin bu da müvəqqətidir. İran dronları da bir müddət sonra bitəcək və ya İranın bu silahların yeni partiyasının təslim etməsi mümkün olmayacaq. Amma indiki halda İran kamikadzeləri Rusiyaya vaxt qazandırmaq və istifadə edilən silah və sursatın yerini qismən doldurmaq üçün işə yarayır.
Elə məhz buna görə də Rusiya İrandan Fateh-110 və Zülfüqar ballistik raketlərini almaq üstündə ciddi şəkildə işləyir. İran bu raketlərin Rusiyaya verilməsini hələ ki, təsdiq etmir. Amma bu onların bir müddətdən sonra təzyiq altında boyunlarına alacaqlarını istisna etmir. Hələ ki, İran tərəfi bu raketləri rus istehsalı kimi təqdim etmək üzərində işləyir. Bu gün İran istehsalı olan ballistik raketlərdən Rusiya-Ukrayna döyüş səhnəsində istifadə olunması barədə də dəlil yoxdur. İran öz raketlərinin Rusiyaya verilməsi üçün ciddi əfsanə hazırlamaqla məşğuldur. Bu raketlərin Rusiyaya hava yolu ilə Krıma və Xəzər dənizi vasitəsi ilə Rusiya limanlarına göndərəcəyi də müəyyən olunub.
Yaxın günlərdə Rusiya-Ukrayna döyüş meydanında ciddi dəyişikliklərin olacağı qaçılmaz kimi görünür.